Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Gömrük Komitəsində apardığı əməliyyatların davamı olaraq “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.
AzerTimes xəbər verir ki, Əbülfəz Məlikovun kimliyi və fəaliyyəti ilə bağlı həddən artıq ziddiyyətli və qalmaqallı məlumatlar mövcuddur.
Bildirilir ki, o, əslən Şamaxıdandır. Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. Orada erməni Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisanın yanında isə gənc oğlan olan Əbülfəz Məlikov işə düzəlir.
Raisa Ovanesyanla qısa müddətdə dostlaşan Əbülfəz Məlikov az sonra bu erməni qadınla qohum olur. İddia edilir ki, Ə.Məlikov Raisanın qızı Rena Ovanesyanla ailə həyatı qurur.
İddialarda bildirilir ki, Raisa və Rena Ovanesyanlar hazırda da Məlikov soyadı ilə Bakıda yaşayırlar.
Ə.Məlikovun “biznes imperiyası” isə “Broker” MMC ilə bağlıdır. Bildirilir ki, “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. Ancaq ” Broker” MMC sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70%-ni əvvəlcədən onlara verməyə məcbur edib.
Bəzi mənbələr isə bildirir ki, “Broker” MMC-nin 3 min işçisi olub və onlara hər ay ortalama 5 min manat “paket” verilib.
Çovdarov Məlikovu da ələ keçiribmiş
Mediada paylaşılan bəzi məlumatlarda sabiq MTN-in qalmaqallı generalı Akif Çovdarovun “Broker” MMC ilə bağlı da əməliyyat keçirdiyi iddia edilir. Bildirilir ki, özünə arxayın olan Ə.Məlikov MTN-dəki bəlli və artıq ifşa olunmuş dəstəyə “haqq” ödəməkdən imtina edib, bunun əvəzində isə Çovdarov yüzlərlə sahibkardan Məlikovun əleyhinə ifadə alıb. Nəhayət, Ə.Məlikovu və onun əsas adamı Şamil adlı şəxsi MTN-ə gətizdirib. Sonda Ə.Məlikov birbaşa Çovdarovun himayəsinə keçib.
Çovdarovun həbsindən sonra Ə.Məlikov dərhal Bakını tərk edərək Moskvaya qaçıb. 2015-16-cı illərdəki islahatlardan sonra Ə.Məlikov fəaliyyətini bir qədər fərqli istiqamətdə yenidən bərpa edib.
Ə.Məlikov bütün vasitələrlə Gömrük Komitəsində yüksək vəzifəyə can atdığı və xüsusi işlər görməyə çalışdığı da iddia edilir. Lakin o vaxt Gömrük Komitəsinin rəhbəri olan Aydın Əliyevlə münasibətləri yaxşı olmadığından, arzuladıqlarını həyata keçirə bilməyib.
Daha bir maraqlı iddia Ə.Məlikovun Aydın Əliyevdən “qisas” alması ilə bağlıdır. Belə ki, o, 2017-ci ildə yağın qiymətində kəskin artım yaradır və bu da ciddi narazılığa səbəb olur. O zaman yağın gömrük rüsumunun 3 dəfə azaldılmasına baxmayaraq, qiyməti endirmək mümkün olmur. Nəhayət, Ə.Məlikov “gücünü” göstərir və yağın qiymətini ucuzlaşdırır. Bununla da necə bir monopolist gücə sahib olduğunu göstərməklə, onunla hesablaşmaq lazım gəldiyini göstərmək istəyir.
Mənbələrin mediada səsləndirdiyi iddialara görə, Ə.Məlikov bunu erməni “qayınlarının” əli ilə həyata keçirir. Belə ki, Rusiyada bu sahədə monopoliya ermənilərin əlindədir və onlar “öz qohumları” Ə.Məlikovla işləyiblər.
Bu isə sensasion hadisə ilə üzə çıxıb: Bildirilir ki, Moskvadan Minvoda gedən azərbaycanlı təyyarədə Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır
“Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, monopoliya naziridir.
Sonra Ara danışıb ki, Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib. Onun sözlərinə görə, monopoliya naziri olan yeznə Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir, biz də ona bu işlərdə öz köməkliymizi əsirgəmirik”, – məlumatda qeyd edilir.
A.Abramyanın Moskvada erməni diasporunun rəhbərlərindən olduğu bildirilir.
Səfər Mehdiyev ona yaşıl işıq yandırıb?
Daha bir iddia 2015-ci ildən sonra brokerliyin məhdudlaşdırılması səbəbindən fəaliyyəti azalan Ə.Məlikovun son illər yenidən aktivləşməsi ilə bağlıdır. Bildirilir ki, 2018-ci ildə DGK-nin sədri təyin olunan Səfər Mehdiyev də brokerliyə qarşı olub və bu sistemi qəbul etməyib, Ə.Məlikov isə “digər işlərlə” baş qatmağa məcbur olub. Lakin bir müddətdən sonra Ə.Məlikova yenidən şans tanınıb. Belə ki, bəzi mal və məhsulların, əsasən də ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Əbülfəz Məlikova müəyyən imkanlar yaradılıb.
Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır. Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.
Media üzərindən apardığımız araşdırmalar zamanı bir məqam da diqqətimizi cəlb etdi ki, Əbülfəz Məlikovun DGK-nin sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortaqlığı olubmuş. Belə ki, S.Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Həmin zaman ölkədə aksizsiz siqaret biznesi də Əbülfəz Məlikova dövr edilib.
Zəruri qeyd
Əbülfəz Məlikovun böyük biznesə iranlı şəriki Əhəd Pur vasitəsi ilə başladığı iddiası da var.
Əhəd Pur bir neçə il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd Pur ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faiz payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilib.
Bundan başqa, Əbülfəz Məlikova məxsus Bakıda restoranlar şəbəkəsi aşkarlanıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli Əbülfəz Məlikovun restoran biznesinə aid sənədləri sosial şəbəkədə paylaşıb:
“Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAРA JOHN’S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir. Əbülfəz Məlikovun oğlu PAРA JOHN’S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb:
Nizami – Mirzağa Əliyev küç. 138
Sahil – Nizami küç. 106 A
Gənclik – Atatürk pr. 29
Əcəmi – Cavadxan küç. 15c
Park Bulvar – Neftçilər pr. 92
Əhmədli – Məhəmməd Hadi küç 106
Şüvəlan – Almaz Ildırımlı küçəsi 68
28 Mall – Azadliq prospekti 15A/4.
Anar Allahverdiyev kimdir?
Əbülfəz Məlikovla bağlı mediada adı çox tez-tez hallanan şəxslərdən biri də Anar Allahverdiyevdir. Bildirilir ki, Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğludur və onun bütün işlərini idarə edən əsas şəxsdir.
Anarın hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.
Onun adına Bakıda və rayonlarda milyonluq villaların olduğu da qeyd edilir.