Naxçıvan Muxtar Respublikası və oradakı səlahiyyətli nümayəndələr mərkəzi hakimiyyətin tabeliyindən, demək olar ki, tamamilə çıxmışdı. Özbaşınalıq, korrupsiya, rüşvətxorluq, əhalinin yoxsul təbəqələrinə qayğısızlıq elə həddə çatmışdı ki, bu, sözün əsl mənasında təəccüb doğururdu.
Bu sözləri AzerTimes-a açıqlamasında DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatı və Naxçıvan DTX-sının ardınca Gömrük Komitəsinin də ləğv edilərək, Baş İdarə yaradılması haqda danışan politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Naxçıvanda bəziləri Azərbaycanın unitar dövlət olduğunu sanki yaddan çıxarmışdı:
“Həmin şəxslər Naxçıvanda köhnə feodal-patriarxat cəmiyyətin qaydalarına uyğun idarəçilik sistemi formalaşdıraraq, bütün idarəetmə strukturlarını Bakının tabeçiliyindən çıxarmışdı. Nəticədə, buradakı idarəetmə orqanları səmərəsizləşmiş, səriştəsiz kadrlarla doldurulmuş, korrupsiya və rüşvət yuvasına çevrilmişdi.
Bütün bu proseslər Azərbaycan dövlətçiliyinin imicinə ciddi xələl gətirməklə bərabər, büdcədən oğurlanan yüzmilyonlarla vəsaitin bir qrupun cibinə axmasına səbəb olurdu”.
Politoloq bildirib ki, Naxçıvanda bu problemlər çoxdan mövcud idi, sadəcə, Qarabağ münaqişəsinin mövcud olduğu bir məqamda bu problemlərin radikal həlli siyasi tələskənlik olardı:
“Əlbəttə ki, Qarabağ münaqişəsini həll edən Azərbaycan Naxçıvanda bu cür özbaşınalığın da aradan qaldırılması zamanının çatdığını elan etdi”.
Politoloq bildirib ki, Naxçıvandakı “muxtar qurumların” baş idarəyə çevrilməsi və mərkəzə tabe etdirilməsi olduqca müsbət haldır:
“Azərbaycan unitar dövlətdir, Naxçıvan MR-dakı bəzi nazirlik və komitələr büdcəyə əlavə yük olmaqla bərabər, bu unitarlığa da kölgə salır. Hesab edirəm ki, Naxçıvanın muxtar respublika status da özünü doğrultmur, bundan sonrakı proseslər AR Konstitusiyası çərçivəsində tənzimlənməli, bölgənin idarəedici strukturlarına yüksək ali təhsilli kadrlar cəlb edilməlidir”.