DSX və Baş Prokurorluq İran-Azərbaycan sərhədindəki atışma barədə məlumat yaydı

Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti İran-Azərbaycan
sərhəddində baş verən insidentlə bağlı məlumat yayıb.

AzerTimes-a daxil olan birgə məlumatda bildirilir ki, 7 aprel
tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun
Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti
ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından
Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş,
sərhəd pozucularının hərəkəti nəzarətə götürülmüşdür.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti
ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılmışdır.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə
məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu
silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd
etmişlər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun
olaraq silah tətbiq edilmiş, sərhəd pozucularından biri
zərərsizləşdirilmiş, digəri saxlanılmış, 1 nəfər isə havanın
qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı
müqavimət göstərməklə gizlənmişdir. Hal-hazırda onun saxlanılması
istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov
avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə
(9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080
qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli
həblər aşkar olunaraq götürülmüşdür. Saxlanılmış sərhəd pozucusu
özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim
etmişdir.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi
məlumatlandırılmışdır.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılmış, hazırda Baş
Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

Teqlər: