Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AzerTimes-a bildiriblər ki, Xidmətin rəhbər heyəti ənənəvi olaraq Fəxri xiyabanda ulu öndərin Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə tər çiçək dəstələri düzüblər.
Bu tədbir çərçivəsində DSX Aparatının “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi”ndə Dahi Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya hərbi qulluqçulara nümayiş olunub.
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrildiyi vurğulanıb. Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafı sahəsindəki xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların ulu öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük iftixarla vurğulanıb.