Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsinin ilk baxış iclası keçirilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.
İttiham aktına görə, hadisə bu ilin martında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Orxan Zeynalov tanışları İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı “Mağara” restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün “Huqqa” restoranına gəliblər. Onlar ümumi zalda xuliqanlıq hərəkətləri etməklə Cəsarət Vəliyev və Camal Həsənovun üz və sifət nahiyələrinə yumruqla zərbələr vurub.
İlqar Abdurahmanov Cəsarət Vəliyevin müqavimətini qırmaq və özünü müdafiə etmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxıb, Orxan Zeynalov isə üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Cəsarət Vəliyevə zərbələr endirib. İlqar Abdurrahmanov isə yerə yıxılan Cəsarət Vəliyevi təpiklə onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurub və nəticədə zərərçəkmiş ölüb.
Daha sonra O.Zeynalov Camal Həsənova bıçaqla xəsarət yetirib, İ.Abdurrahmanov isə onunla əlbəyaxa olub.
Hadisədən dərhal sonra Camal Həsənov xəstəxanaya aparıldığından həyatını xilas etmək mümkün olub.
İclasda söz təqsirləndirilən şəxslərə verilib. Orxan Zeynalov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən, İlqar Abdurrahmanov isə ümumiyyətlə təqsirli bilməyib.