Dövlət Sosial Müdafiə Fondu sosial şəbəkələrdə Vətən müharibəsi
iştirakçısı Cəfərov Sədi Sahib oğlunun bəzi sosial şəbəkələrdə
yayılan videomüraciətinə münasibət bildirib.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili
AzerTimes-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparmaq üçün onunla
telefon əlaqəsi yaradılıb. “Vətəndaş bildirib ki, ailə 12 nəfərdən
(atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və 1
azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu Təzəkənd kəndində
yaşayırlar. Ailənin əmək qabiliyyətli üzvləri işsizdir, lakin pay
torpaq mülkiyyətçiləridir.
Sədi Cəfərovun həyat yoldaşı Elnarə Cəfərova ünvanlı sosial
yardımla bağlı 21.01.2021-ci il tarixdə müraciət edib. Lakin onun
bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə
Ərizə-bəyannamədə məşğulluq və digər məlumatların düzgün qeyd
edilməməsi olub.
Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət
edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində
olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün
göstərilməsinin vacibliyi bildirilib. Yeni müraciətdə məlumatların
doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola
bilər.
Sədi Cəfərov həmçinin 29.06.2021-ci il tarixdə iribuynuzlu
heyvandarlıq zərfi üzrə Özünüməşğulluq proqramına cəlb olunub.
Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq.
Vətəndaşın əlilliyinin qiymətləndirilməsinə gəlincə,
06.08.2021-ci il tarixində o, əyani müayinə olunub, hazırki
vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Əlavə olaraq, Sədi Cəfərovun ailəsinə 550 manat sığorta ödənişi
və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin
yaxşılaşdırılmasına dəstək olaraq 2500 manat maddi yardım
edilib”,-deyə R.Mehdili bildirib.