DSMF deyir ki, 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti var. Fond bu vəsaiti ölkənin 5 aparıcı, dayanıqlı bankına depozit qoyub, faiz qazanır və bunu “investisiya fəaliyyəti” adlandırır.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli tənqidlərinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun yaydığı açıqlamanı şərh edərkən deyib.
Ekspert bildirib ki, adətən təqaüd fondları investisiya ilə məşğul olur, qiymətli kağızlar, səhmlər alır, istehsal və xidmət müəssisələrinə yatırım qoyub onların sahibinə, baş investoruna çevrilir, yeni iş yerləri yaradırlar:
“Azərbaycanda isə DSMF ancaq banka faizə pul yerləşdirib, adını da “investisiya” qoyub. DSMF deyir: “Bu addım sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur”. Faktiki olaraq DSMF emosional şantajla məşğuldur. Təbii ki, hamımız şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq, onların bütün ehtiyaclarının ödənilməsi boynumuzun borcudur. Amma dövlət bu şəxslərə daim yardım göstərir, büdcədən ayrıca vəsait ayırır, bu zaman DSMF-nin faizə pul qoymasını belə izah etməsi qəbuledilməzdir – o zaman DSMF tam hesabat versin ki, nə qədər faiz gəliri götürüb, həmin vəsaitdən rəhbər və digər işçilərə əlavə maaş-mükafat verilibmi?!”
Ekspert bildirib ki, DSMF dövlət qurumudur, vəsaiti istənilən kimi xərcləyə bilməz, xərcləri parlament təsdiq etməlidir:
“Bundan başqa, DSMF vətəndaşın pulunu idarə edirsə, qazancından vətəndaşa niyə pay vermir?! İndi DSMF deyəcək ki, vətəndaşın pulunu 8,8% indeksləşdirəcəyik, daha nə istəyirsən?! Bunu da deyə bilməz, çünki 8,8%-i mənə büdcə verir, DSMF yox.
İndi görün necə bir vəziyyət yaranır: məsələn, mənim DSMF-də 30 mindən çox vəsaitim var, DSMF həmin vəsaiti qoyur banka, faiz qazanır (hansı faizlə depozit qoyduqlarını da açıqlamırlar), mən, tutalım, gedirəm banka kredit götürməyə, həmin banka da DSMF depozit qoyub, deməli, bank öz vəsaitimi (DSMF-də olan) mənə 15-18%-lə kredit verir; bank mənim pulumu özümə verməklə pul qazanır, həmin pulun bir hissəsini də DSMF-yə depozit faizi kimi ödəyir. Beləliklə, mən ikiqat ziyana düşürəm – öz pulumu özümə 15-18%-lə kredit verirlər. Belə yanaşma ədalətli ola bilərmi?!”