DSMF dövlət qurumları arasında ilk ISO 37001 beynəlxalq standartı üzrə sertifikat alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim olunub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu standartın tətbiqi Fonda əhaliyə xidmətlərin keyfiyyətinin vətəndaş məmnunluğu prinsipi əsasında yüksəldilməsi, idarəetmə sistemlərinin şəffaflığının tam təmin edilməsi, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin qarşısının alınması işlərində dəstək olacaq.

Həmçinin bu tətbiq Fondun gündəlik funksiyalarının həyata keçirilməsində və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığı artıracaq, müvafiq sahədə qanunvericiliyin tələblərinin, qurumdaxili siyasət və proseslərin effektivliyini təmin edəcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Fondun fəaliyyətinin ISO 37001 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə aparılan işləri qeyd edib.

O, standarta uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlərin yerinə yetirildiyini vurğulayıb.

Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin Azərbaycandakı nümayəndəsi tərəfindən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.

Fond “ISO 26000 — Sosial məsuliyyət” və “ISO 10002 — Müştəri məmnunluğu” beynəlxalq standartlarının tətbiqi istiqamətində də işlərə başlayıb.

Teqlər: