Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial yardımların verilməsində dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə AzerTimes-a DSMF-dən məlumat verilib.
“Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmağı tövsiyə edilib”, – məlumatda qeyd edilib.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir:
“Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir. Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.