Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Təlatümlü dövrdəyik – doğru və yanlışı ayırd etmək vaxtaşırı bizim üçün çətin olur. Bəzən atdığımız addımların doğru olduğunu hesab edirik, amma zaman keçdikcə yanıldığımızı görürük. Yaxud əksinə, yanlış hesab etdiklərimiz zamanla həqiqətə çevrilir.

Sözü ölkəmizin – İranın mövcud vəziyyətinə gətirmək istəyirəm. Hazırda ümumxalq olaraq bəlirsiz yol ayrıcında ilişib qalmışıq. Hansı cəbhədə duracağımızın, nəyə inanmalı olduğumuzun dilemmasındayıq. Gün keçdikcə bu qərarsızlığın mənfi təsirlərini də həyatımızda müşahidə edirik.

Aydındır ki, xalqın böyük əksəriyyəti uzun müddətdir hökumətin hakim ideologiyasından uzaqlaşıb. Dövlət-millət arasındakı bağ artıq qopub. Bundan belə heç nə əvvəlki halına qayıtmayacaq – bunu bilirik. Xalqımız böyük əziyyətlər içində ömür sürür, siyasi-iqtisadi problemlər ölkəni bataqlığa sürükləyir. Mövcud durumdan əziyyət çəkən təkcə insanlar deyil. Ölkəmizin daşına, torpağına belə rəhm etmirlər: Urmu gölünün qurudulması, Süngün mədəninin talan edilməsi bunlardan sadəcə bir neçəsidir. Görünür, belə davam eləsə, tarix boyu qazandıqlarımızı da uduzacağıq. Xalq olaraq gah gözümüzü açır, gah da bununla razılaşaraq mürgüləməyə davam edirik. Sürükləndiyimiz bataqlıqdan canımızı qurtarmaq üçün minbir yola əl atır, amma nə hikmətdirsə, hələ də doğru yolu tapa bilmirik.

İnqilab istəyirik, yoxsa islahat? Bu vəziyyətdə qalmaqmı istəyirik, ya mütərəqqi xalqa çevrilmək? “Nə etməliyik?” sualına illərdir qeyri-müəyyən cavablar verərək özümüzü daha da çıxılmaza salırıq.

Görünür, hələ də böyük və köklü dəyişikliyə hazır deyilik. Çün xalqımız bizə lazım olanın inqilab olduğu nəticəsinə gəlməlidir. Lakin bu inqilab öncə daxilimizdə yaranmalıdır. Məsələn, molla rejimi hər nə qədər cild dəyişsə də, yeni formalara bürünsə də, nəticəsi yenə eynidir – molla rejimidir. Bu rejimin siyasi xətti ülvi istəklərimizlə tamamilə təzaddır. Həqiqət isə belədir ki, xalqımız arasında xilas yolunu rejimi islah etməkdə görənlər də var. Özlərinə görə haqlıdırlar – ölməkdənsə, can çəkişmək daha yaxşıdır! Bəlli islahatlar olarsa, radikallar dövlətin başından uzaqlaşarsa, toplumda nəfəs borusu açılar, ən azından həyat insanlar üçün qismən də olsa rahatlaşar.

Məsələ belədir ki, bu kiçik pəncərələrin açılması üçün biz nələri qurban verməli, hansı istəklərimizdən vaz keçməliyik?

Teqlər: