Dövlətin dəstəyi ilə multikulturalizm ənənələri qorunub saxlanılır – Alban-Udi Xristian icmasının sədri

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın “Xarıbülbül” festivalından qayıdar-qayıtmaz Qəbələyə gəlib Müqəddəs Məryəm Ana Alban kilsəsini və digər dini yerləri ziyarət etməsi ölkədə dinlərə qarşı olan diqqətin bariz nümunəsidir.

Bunu AzerTimes-a Alban-Udi Xristian icmasının sədri Robert Mobili deyib. O qeyd edib ki, Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və burada multikulturalizm ənənələri qorunub saxlanılır:

“Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss etmişik və bu diqqət günbəgün artır. Biz bunu cənab Prezidentin son səfərindən də hiss etdik. Onun və ailəsinin məhz Şuşadan qayıdaraq Qəbələyə gəlməsi, Nic qəsəbəsində Alban kilsələrinə baş çəkməsi bir daha onu sübut edir ki, Azərbaycan multikultural ölkədir və burada bütün xalqlar bir ailə kimi yaşayır”.

R.Mobili Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpası barədə də danışıb. O qeyd edib ki, kilsədə bərpa işlərinin 44 günük Vətən müharibəsi zamanı başa çatdırılaraq təhvil verilməsi dünyaya mesajdır:

“Kilsə Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə bərpa olunmağa başlanıldı və 2020-ci ilin noyabr ayında işlər başa çatdırıldı. Müharibə olmasına baxmayaraq, məhz kilsənin təmiri dayanmadı, davam etdi. Bu da öz növbəsində onu deməyə imkan verir ki, Azərbaycan dünyəvi bir ölkədir. Burada bütün xalqlara və dinlərə böyük diqqət və qayğı var, udi xalqı da bu modelin əsaslarındandır.

Azərbaycanda xalqlar hər zaman bir-birinə dəstəkdir. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs Qarabağın azadlığı uğrunda canından keçməyə hazır idi. Bu gün biz o torpaqlara qayıtmışıq və artıq Qarabağdayıq. Burada ermənilər tərəfindən dağıdılmış abidələr də ölkə rəhbərliyinin birbaşa diqqəti nəticəsində əvvəlki görkəminə geri qaytarılacaq”.

Twitter: @JeyhunAlakbar

Teqlər: