Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Həmin müharibədə düşmən üzərində əldə edilən qələbə Azərbaycan Ordusunun gücünü həm düşmənlərimizə, həm də bütün dünyaya göstərdi. Ordumuzun bu gücə sahib olmasını şərtləndirən bir sıra amillər var ki, onlardan biri də Azərbaycan dövləti tərəfindən hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və sistemli addımların atılması, onların mənzil-məişət problemlərinin həll edilməsi ilə bağlıdır. Onu da deyim ki, sosial dövlət olan Azərbaycanda bu istiqamətdə atılan davamlı addımlar zamanı şəhid ailələri, müharibə əlilləri də daim ön sırada tutulur.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da deyilənləri bir daha təsdiqləyir:

“Məlumat üçün bildirim ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Beləliklə, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin, şəhərciyin inşa olunaraq, təqdim edilməsi dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin bu sahəyə necə həssaslıqla yanaşdığını nümayiş etdirir”.

Deputat əlavə edib ki, ümumiyyətlə dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir: “Cənab Prezidentin Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunma mərasimindəki çıxışında bəyan etdiyi kimi bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Eyni zamanda, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.

V.İskəndərov deyib ki, bütün bu sadalananlar bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir: “Dövlət başçımızın da bildirdiyi kimi Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. İşğalçı Ermənistana gəlincə isə son müharibə zamanı təqribən 6-7 min işğalçı məhv edilib. Lakin onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Mərasimdəki çıxışında bu məqama da toxunan dövlət başçımızın dediyi kimi hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Teqlər: