Güney azərbaycanlı filoloq Əziz Dövlətabadinin farsca yazdığı “Süxənvərani-Azərbaycan” (Azərbaycanın söz ustadları) əsəri Azərbaycan dilinə tərcümə olunub.
AzerTimes xəbər verir ki, filologiya elmləri doktoru Jalə Şükürovanın tərcümə etdiyi əsərin elmi redaktoru filologiya elmləri doktoru Nəsib Göyüşovdur.
“Azərbaycanın söz ustadları” əsərində X–XX əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində yaşamış şair və yazıçıların həyat və yaradıcılığından söz açılaraq onların əsərlərindən nümunələr verilib. Kitab Azərbaycan ədəbiyyat tarixini araşdırmaq üçün nəzərdə tutulub.
Əsər AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə çap olunub.