Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi

Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri təşkil edib.

AzerTimes xəbər verir ki, tədbir Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksində baş tutub. Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov şəhidlərin qəhrəmanlığından, şücaətindən və qanları bahasına qazanılan qələbədən danışıb:

“Sizin valideynləriniz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə silaha sarılıb Vətən torpaqlarının müdafiəsində iştirak edib. Müharibənin çox qəddar qanunları var. Azadlıq, suverenlik və qələbə olduğu kimi təəssüf ki, Vətən uğrunda şəhid olanlar da olur. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Məhz Sizin valideynlərinizin şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.”

Rəsmi hissə bitdikdən sonra “Şahinlər” hərbi-idman oyunlarında Sabunçu rayonu 67 saylı tam orta məktəbi təmsil edən “Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib: silahın sökülüb-yığılması, darağın patronla doldurulub-boşaldılması, səhra çadırının qurulması, yaralının zəhərli ərazidən çıxarılması, ilk tibbi yardımın göstərilməsi və s.

Sonra isə uşaqlar komandalara bölünərək, özləri də bir neçə idman-estafet oyunlarında iştirak ediblər. Oyunlar bitdikdən sonra şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hədiyyələr təqdim edilib.

Tədbirin sonunda uşaqlar “Mənim atam qəhrəmandır” mahnısını oxuyublar və Dövlət Xidmətinin əməkdaşları ilə birgə zabit yeməkxanasında birgə nahar ediblər. Doğum günləri həmin günə təsadüf edən uşaqlarla birgə tortlar kəsilib.

Qeyd edək ki, şəhid övladlarının iştirak etdiyi bayram tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanovun və Sabunçu rayonu 67 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovun dəstəyi ilə keçirilib.

Teqlər: