Dövlət vəsaiti hesabına inşa edilmiş evlər üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Fərman imzalanıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində baş
vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi
əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar
dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və
çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların
rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə
bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

AzerTimes xəbər verir ki,
Fərmanla qərara alınır:

1. Yerli icra hakimiyyəti orqanları:

1.1. müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş
təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində
(işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud
yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət
vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək
tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə
başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış
binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər
bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq
göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə
verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin
binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və
istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə təqdim etsinlər;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll
etsinlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda
adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış
sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri
üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata
alınmasını təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda
adları qeyd olunan şəxslərin müraciətlərinə baxılarkən:

2.2.1. yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşa
edildiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olduğu hallarda
həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü
barədə məlumatları belə halın aşkar edildiyi tarixdən bir ay
müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin;

2.2.2. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd
üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda
həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət
qaldırılmasını təmin etsin;

2.3. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinin icrası ilə bağlı
görülən işlər barədə hər yarımildə bir dəfə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu
Fərmanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar
əsasında:

3.1.1. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə
mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda
bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq
sahələrinin ayrılmasını təmin etsin;

3.1.2. bu Fərmanın 2.2.2-ci yarımbəndində göstərilən hallarda,
habelə zərurət olduğu hallarda bu Fərmanın 3.1.1-ci yarımbəndinə
əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin
kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları
kateqoriyasına aid edilməsini təmin etsin;

3.1.3. yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində
vətəndaşların mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tədbirlər
görsün və bu barədə hər yarımildə bir dəfə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;

3.2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat
nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış
sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və
çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq
sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının
sadələşdirilməsi məqsədilə bu sahədə münasibətləri tənzimləyən
normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Teqlər: