Dövlət Vergi Xidmətinin əməkdaşları Şəmkirdə döyüldü

Şəmkir rayonunda Dövlət Vergi Xidməti əməkdaşlarının döyülməsi
ilə bağlı cinayət işi başlanıb.

Şəmkir rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına
nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu
və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun
təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə
bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Emin Şirinov və Anar Məmmədli
sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində
hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza
şəraiti yaratması səbəbindən aralarında mübahisə baş verib, bu
zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb
olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin
221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq
törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar
tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi
başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

Teqlər: