Dövlət Vergi Xidmətində Yay Təcrübə Proqramı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin
bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci
ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz
Yay Təcrübə Proqramı təşkil edir.

Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini
praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış
olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq
və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə
karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi
sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək
və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə
cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil
müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda
yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda
təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması
baxımından xüsusi önəm daşıyır.

Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci
il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək. Təcrübə
proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi
Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay
düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə
sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi
ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə
qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və
seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli
keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara
səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq
kompleksindən istifadə üçün şərait yaradılacaq.

Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin
Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik
təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə
sertifikat veriləcək.

Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected]
elektron poçt ünvanı vasitəsilə 28.03-30.04.2022-ci il tarixlərdə
həyata keçiriləcək.

Dövlət Vergi Xidməti tərəfindən müvafiq ali təhsil
müəssisələrində Karyera Günləri təşkil ediləcək, tələbələr layihə
barədə daha ətraflı məlumatlandırılacaqlar.

Yay Təcrübə Proqramı barədə elanla aşağıdakı linkə keçid etməklə
tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/elanlar-ve-melumatlar

Teqlər: