Dövlət Vergi Xidməti yeni strategiya hazırlayıb

“Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın
artrılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə
Kommunikasiya Strategiyası” hazırlanıb.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan
Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və
beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13
iyul tarixli Prezident sərəncamı ilə Biznes mühiti və beynəlxalq
reytinqlər üzrə Komissiya yaradılıb. İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti “Azərbaycan Respublikasının Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyasının biznesə başlama, vergi və
hesabtlılıq” üzrə İşçi Qrupun fəaliyyətinə rəhbərlik edir.

İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha
geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai
məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi
məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi
və hesabtlılıq sahəsində məlumatlılığın artırılması və ictimai
iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası”
işlənib hazırlanıb. Strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət
sahəsinə aid iki istiqamət – biznesə başlama və vergilərin
ödənilməsi sahələrində islahatlarla bağlıdır.

Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi
sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin
cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və
mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin
həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması
məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və
tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş
iş planları, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiya”nın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Kommunikasiya strategiyası kommunikasiya prosesinə cəlb olunan
iştirakçıların islahatın mahiyyəti və hədəfləri barədə
məlumatlandırılmasına xidmət edir. Sənədin hazırlanmasında əsas
məqsəd ortaya çıxan sualların, çətinliklərin müəyyənləşdirilməsi və
qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. İslahatlarla bağlı
bütün mərhələlərdə cəmiyyətə məlumatların məqsədyönlü, ardıcıl və
effektiv şəkildə çatdırılması vacib şərtlərdən biri olduğu üçün
ekspert cəmiyyətinə, habelə özəl sektora islahatların müəyyən
edilməsi prosesində iştirak imkanları yaratmaq mühümdür. Bu
baxımdan, əsas diqqət qeyd olunan islahatların həyata keçirilməsi
zamanı ictimai iştirakçılığın təmin edilməsinə yönəlib. Bu məqsədlə
ekspert cəmiyyətini prosesə cəlb etmək, sahibkarların ictimai
birliklərinin, vətəndaş cəmiyyəti təşkilatlarının və sahə üzrə
mütəxəssislərin prosesdə iştirakını təmin etmək, rəyvermə və
əks-əlaqə (feedback) sistemini qurmaqdır.

Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində
ixtisaslaşdırılmış ekspertləri İşçi qrupun işinə cəlb etməklə
islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert
cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu
işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək,
müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə
cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən
edilməsinə nail olmaq nəzərdə tutulur.

Teqlər: