Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Bu gün bütün dünyanı narahat edən məsələlərdən biri də inflyasiya və qiymət artımlarıdır. Bu məsələ bütün dünya ölkələri qarşısında mühüm bir çağırışa çevrilib və hökumətlər öz iqtisadiyyatlarını qlobal mənfi təsirlərdən qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Əlbəttə ki, qlobal infilyasiya və qiymət artımları Azərbaycana da mənfi təsirsiz ötüşmədi. Lakin dövlət tərəfindən vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa, insanlarımızın bu təsirləri daha az hiss etməsinə imkan verdi. Ötən il bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov AzerTimes-a açıqlamasında bildirib ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir.

“Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması yürüdülən siyasətin başlıca prioritetlərindən biridir.

Hazırda qlobal səviyyədə ərzaq təminatı problemləri yaşanır. Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olub, eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib.

Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Kənd təsərrüfatı məhsullarının artması yerli təminetmə səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmaqdadır. 2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı 5,9 % artıb. Bu onu bir daha təsdiq edir ki, ölkəmizdə əsas qida mallarının yerli istehsal hesabına təmin edilməsi siyasəti özünün faydasını verməkdədir”, – deyə deputat bildirib.

A.Hüseynov vurğulayıb ki, etibarlı ərzaq malları ilə təmin olunmasında kənd təsərrüfatının inkişafına dövlətin dəstəyi də mühüm əhəmiyyət kəsb edir.

“Son illərdə ərzaq təhlükəsizliyi strqategiyasının daha da gücləndirilməsi məqsədilə icra edilən proqramlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynayıb. Ərzaq təhlükəsizliyi strategiyasının uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir.

İndiyədək verilən güzəştli kreditlərin 63%-i aqrar sahənin inkişafına, o cümlədən 80%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı kompleksləri) yaradılmasına yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsindəmühüm rol oynayıb. 2021-ci ildə un və çörək müəssəsələri ƏDV-dən azad edidli. Hazırda kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad ediliblər. Bütün bunlar daxili vazarda qiymətlərin sabitliyi, o cümlədən taxıl məhsullarının bahalaşmasının qarşısını alır”, – deyə deputat qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkə olduğundan qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlar qida sahəsi oldu, ona görə də son aylarda ərzaq məhsulları üzrə qiymət indeksi yüksəlib. Hökuməti ilk növbədə, əhalinin sosial rifahı düşündürdüyündən qiymət artımına qarşı ciddi mübarizə tədbirlərini səfərbər edib. İnflyasiya proseslərinin əhalinin gəlirinə təsirinin azaldılması ilə yanaşı, süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülməkdədir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğunu nəzərə alaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində saxlanılır”, – deyə deputat bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə AzerTimes-a açıqlamasında qeyd edib ki, son illər dünyada ərzaq məhsullarının qiymətində ciddi bahalaşma qeydə alınıb.

“Heç uzağa getməyək, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Heç şübhəsiz bu bahalaşmanın yaranmasına səbəblər var. Yenə də FAO-ya istinad edərək, deyə bilərik ki, qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır”, – deyə deputat bildirib.

V.İskəndərov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib.

“2021-ci ilin makroiqtisadi göstəricilərinə əsasən ümumi daxili məhsul 5,6 faiz artıb, həcmi 92,8 milyard manat təşkil edib. Qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənayesi isə 18,9 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyibib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”, – deyə deputat qeyd edib.

V.İskəndərov bildirib ki, bununla belə qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur:

“Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirlən ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğulandığı kimi dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. Müşavirdə də qeyd edildiyi kimi inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə xarici amillərin təsiri altında inflyasiya artıb və Azərbaycanda xarici mənşəli ərzaq məhsullarınnı qiyməti yüksəlib”, – deyə o qeyd edib.

Deputat bildirib ki, hesablamalara əsasən 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiyməti 45 faizdən çox artıb. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib:

“Azərbaycanda orta illik inflyasiya 6,7 fazi, o cümlədən ərzaq inflyasiyası 8,1faiz, qeyri-ərzaq inflyasiyası 5,1faiz təşkil edib. 2021-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 12 faiz olub”, – deyə deputat əlavə edib.

V.İskəndərov deyib ki, qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.

“Eyni zamanda, işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını də nəzərdən qaçırmaq olmaz. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək. Yanvarın 18-də keçirilən müşavirədə də vurğulandığı kimi hazırda kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır”, – deyə deputat əlavə edib.

Teqlər: