Dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır

Xəbər - Çingiz Səfərli – Trend:

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum əmək haqqı 300 manata çatdırılıb. Bununla vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqqı 250 manatdan 300 manata yüksəlib. Artımlar 800 min insana şamil olunacaq. Bundan başqa 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır. Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Ölkə başçısının digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin də əməkhaqları 20 faiz artırılır. Qeyd edək ki, sosial islahatlar dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu qərarlar üçün illik əlavə 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Maaş artımları 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir.

“Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Son illər ərzində Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib”, – deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, təkcə son bir neçə ilə nəzər yetirsək, Azərbaycanda sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik.

“Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb”, – deyə deputat vurğulayıb.


Sosioloq Üzeyir Şəfiyev isə AzerTimes-a açıqlamasında bildirib ki, minimum əmək haqqının və bir sıra sahələrdə maaşların artırılması hökumətin yürütdüyü sosialyönümlü siyasətin davamıdır.

“Azərbaycan sosial dövlətdir və ölkəmizdə sosial rifah quruculuğu gedir. Baxmayaraq ki, müharibədən çıxmışıq və dünyanı cənginə alan pandemiya şəraitində yaşayırıq, amma bir an belə nə müharibənin gedişində, nə də pandemiyanın qızğın dövründə sosial proqramların icrası ləngimədi, davamlı şəkildə icra olundu. Bu gün işğaldan azad olunan ərazilərdə sürətli bərpa və yenidənqurma işləri aparılır. Bunlar böyük maliyyə tələb edən layihələrdir. Buna baxmayaraq sosial proqramlar da buna paralel şəkildə aparılır. Bu, onu göstərir ki, cəmiyyətin sosial rifahının yaxşılaşdırılması dövlətin qarşısında dayanan əsas məsələlərdəndir. Ölkə başçısının səfərlərinə nəzər salsaq görərik ki, o, təkcə işğaldan azad olunan ərazilərə səfər etmir. Eyni zamanda digər bölgələrimizə də gedir, vəziyyətlə, əhalinin güzəranı ilə yerində maraqlanır və müvafiq tapşırıqlarını verir. Həmçinin büdcəmiz də daha çox sosialyönümlüdür. Yürüdülən bu sosial rifah siyasəti şübhəsiz ki, əhali tərəfindən də böyük məmnunluqla qarşılanır” – deyə, sosioloq qeyd edib.

Ü.Şəfiyev onu da əlavə edib ki, dövlətin apardığı siyasət sahibkarlar tərəfindən də dəstəklənməlidir.

“Bazar artımlara dərhal reaksiya verməməlidir. Təəssüf ki, bəzi sahibkarlar artım olan kimi məhsul və xidmətlərin qiymətini bahalaşdırır, aparılan müsbətyönümlü işlərə kölgə salırlar. Belə hallara yol verilməməlidir. Bazarda rəqabət, öz-özünü tənzimləmə mexanizmi olmalıdır. Yaxşı olardı ki, sahibkarlar da humanist fəaliyyətləri ilə görülən işləri dəstəkləsinlər” – deyə, o qeyd edib.

Teqlər: