Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval ruhiyyə və böyük coşqu ilə qarşılayırlar.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, Xidmət rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. II Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs savaşda həlak olan igid oğulların xatirəsi anılıb.
Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzində davam edən və dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılmışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının parlaq qələbəsi ilə başa çatdığını xüsusi vurğulayıb.
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.
Müzəffər Ali Baş Komandanın sərhədçiləri “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görməsi, orden və medallarla təltif etməsi, cari ilin aprel ayının 26-da Cəbrayıl rayonu ərazisində yeni hərbi hissənin açılış mərasimində “Sərhədçilərin ümumi zəfərdə rolu böyükdür. Mən bunu qiymətləndirirəm!” deməsi, cari ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamış 3 yeni hərbi hissəyə gəlişinin Azərbaycanın Sərhəd Mühafizəsinə göstərilən ali etimadın ifadəsi olduğu vurğulanmışdır.
Tədbirdə Vətən Müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, yurdumuzun bütövlüyü uğrunda şəhadətə qovuşmuş oğullarımızın əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi, ulu əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunmuşdur.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri, milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edəcəkləri vurğulanmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, döyüşlər zamanı şəxsi igidlik və sücaət göstərdiklərinə görə təltifləndirilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunmuş, həmçinin xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri müsbət nəticələrə görə və 8 noyabr “Zəfər Günü” münasibətilə bir sıra hərbi qulluqçular və işçilər təltif olunmuşlar.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin yaradıcı kollektivlərinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini izləmişdir.