Onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara
qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif
edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ
keçirən şəxs saxlanılıb.
Belə ki, Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan
çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və
əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun
pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət
qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu
barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı
onunla əlaqə saxayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə
müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq
şəxsin pulunu ələ keçirərək dələduzluq edib.
Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi
mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən
faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov
tutularaq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin qanunsuz
əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər
Nazirliyinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial
şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.