Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi – FƏRMAN

Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin
təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Fərman
imzalayıb.

Fərmanla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə
əlaqədar qərara alınır

– “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq
edilsin (əlavə olunur).

– “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq
edilsin (əlavə olunur).

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.

***

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin
təsviri

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 19 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun
15-2-ci maddəsinə əsasən dövlət qulluqçusuna qulluq keçdiyi dövlət
orqanında verilən xidməti vəsiqənin (bundan sonra – xidməti vəsiqə)
təsviri aşağıdakı kimidir:

1.1. xidməti vəsiqə 100 mm x 70 mm ölçüdə, tünd qırmızı rəngli
(“Pantone” rənglər kataloqunun Pantone 504C rəng koduna uyğun)
möhkəm cildli kitabça şəklindədir;

1.2. xidməti vəsiqənin cildinin üst tərəfində ortada 25 mm x 28
mm ölçüdə Azərbaycan Respublikası Dövlət Gerbinin zərli təsviri
verilir. Təsvirin altında qızılı rəngdə dövlət qulluqçusunun qulluq
keçdiyi dövlət orqanının adı yazılır;

1.3. xidməti vəsiqənin içliyi xüsusi kağızdan hazırlanır,
üzərindəki tünd qara rəngli yazılar “Pantone” rənglər kataloqunun
Pantone Black 4C rəng koduna uyğun, tünd qırmızı rəngli yazılar isə
“Pantone” rənglər kataloqunun Pantone 7644C rəng koduna
uyğundur;

1.4. xidməti vəsiqənin içliyinin birinci səhifəsində:

1.4.1. sol tərəfdə yuxarıda Azərbaycan Respublikası Dövlət
Gerbinin 15 mm x 16,5 mm ölçülü rəngli təsviri verilir;

1.4.2. yuxarıda ortada dövlət qulluqçusunun qulluq keçdiyi
dövlət orqanının adı tünd qırmızı rəngli hərflərlə yazılır;

1.4.3. Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin
altında bütün səhifə boyu üfüqi istiqamətdə dövlət qulluqçusunun
qulluq keçdiyi dövlət orqanının adının təkrarlandığı tünd qırmızı
rəngli yazıdan ibarət ayırıcı xətt yerləşir;

1.4.4. sol tərəfdə 30 mm x 40 mm ölçülü qırmızı fonda olan
rəngli fotoşəkil üçün yer ayrılır;

1.4.5. fotoşəkildən sağ tərəfdə dövlət qulluqçusunun soyadı, adı
və atasının adı iki sətirdə tünd qara rəngli hərflərlə yazılır;

1.4.6. səhifənin aşağı hissəsində tünd qara rəngli hərflərlə
“XİDMƏTİ VƏSİQƏ № ____ – ______” sözləri
yazılır;

1.5. xidməti vəsiqənin içliyinin ikinci səhifəsində:

1.5.1. yuxarıda ortada dövlət qulluqçusunun qulluq keçdiyi
dövlət orqanının adı tünd qırmızı rəngli hərflərlə yazılır;

1.5.2. dövlət orqanının adının altında bütün səhifə boyu üfüqi
istiqamətdə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının
adının təkrarlandığı tünd qırmızı rəngli yazıdan ibarət ayırıcı
xətt yerləşir;

1.5.3. səhifənin orta hissəsində birinci – üçüncü sətirlərdə
tünd qara rəngli hərflərlə dövlət qulluqçusunun qulluq keçdiyi
struktur bölməsinin adı və dövlət qulluqçusunun vəzifəsi, dördüncü
sətirdə isə dövlət qulluqçusunun ixtisas dərəcəsi yazılır;

1.5.4. səhifənin aşağı hissəsində sol tərəfdə tünd qara rəngli
hərflərlə dövlət orqanının rəhbərinin vəzifəsi yazılır, ortada
imzası üçün yer ayrılır, sağ tərəfdə isə adı və soyadı yazılır.

2. Xidməti vəsiqənin içliyinin hər iki səhifəsində fonda
“Pantone” rənglər kataloqunun Pantone 7633C rəng koduna uyğun
rənglə səkkizguşəli ulduzlar təsvir olunur və hər iki səhifəyə
müvafiq dövlət orqanının dairəvi gerbli möhürü vurulur.

***

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin
nümunəsi

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 19 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir

Teqlər: