Yaponiyada bir il ərzində hər bir əməkdaş iş prosesinin və gördüyü işin daha da yaxşılaşdırılması, sürətləndirilməsi və effektivliyin artırılması üçün ən azı 50 yeni təklif verməlidir. “Toyota təklif sistemi” adlanan bu sistem 1986-cı ildən effektivliyini daha da artırdı və burada verilən ümumi təkliflərin miqdarı 16.2 milyona çatdı. Təsəvvür edin, cəmi bircə yenilik, bircə innovasiya ilə aqrar sektorun, istehsal və hasilat sənayelərinin kökündən dəyişə biləcəyi bir dünyada bir neçə il ərzində 16.2 milyon yeni təklifə sahib olmaq nə deməkdir. Sadəcə təsəvvür edin.
Bakıdan Sürixə yox, sırf “Hexagon” və “Leica” şirkətinin ofisinə düşmək demək olar ki, zamanda 10-15 il irəli getmək kimi bir şey idi. Cəmi 30 saniyəyə insanın “hər yerini” skan edən aparatlar, 1 saniyədə 1 milyon nöqtəni oxuyan “süni gözlər”, Allah bilir neçə meqapiksel olan kameralar və s.
İndi orta statistik, kiçik məsləhətçi vəzifəsində olan bir dövlət qulluqçusu deyəcək ki, mənə nə skaynerdən, mənə nə kameradan?
Yaponları yadınıza salın. Onlar şirkətlərini inkişaf etdirmək üçün necə ideyalarla, təkliflərlə gəlirdilərsə, siz də öz müdirinizin, öz rəhbərinizin qarşısına təkliflərlə çıxa bilərsiniz. Bilirəm, bizdə bu mədəniyət hələ tam formalaşmayıb, amma sizin qardaşınız, dostunuz olaraq nacizanə şəkildə sizə bir cığır göstərirəm.
Deyək ki aqrar sahədə işləyirsiniz. Sahələrin 3D və 4D planlarını hazırlayaraq məhsuldarlığın daha effektiv olduğu yerləri daha da inkişaf etdirə, məhsuldarlığı nisbətən zəif olan sahələri isə bol-bərəkətli edə bilərsiniz. Həqiqətən, 3D skaynerlərlə, uyğun proqram təminatı ilə bu, mümkündür.
Bəlkə şəhərsalmada və ya planlama komitəsində işləyirsiniz? İnşaatla bağlantılı vəzifəniz var. Bəlkə də Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşızınız. Bəs bu həssas kameralar nə üçün yaradılıb? Binalardakı ən xırda zədələri, çatları görə bilər, bünövrəsində boşluq olan tikililəri aydınlaşdıra bilər, hadisələr baş verməmiş onu qabaqlaya bilərsiniz. Rəhbər şəxslərin yeni texnologiyalarla maraqlanmağa vaxtları olmadığı üçün bunu sizə yazıram, əziz kiçik və aparıcı məsləhətçilər, əziz dövlət qulluqçuları. Növbəti torpaq sürüşməsinin yerini bilmək istəyirsinizsə, növbəti su sızmasının yerini bütün kanalizasiya sistemini dağıtmadan, bir küçəni qazmadan öyrənmək istəyirsinizsə, yenə də dövlət büdcəsini heç də çətinə salmayacaq məbləğə bu avadanlıqları alıb istifadə edə bilərsiniz.
Mənim yazım bu məhsulların satışı ilə bağlı deyil. Əsas məqsədim, sizi bundan öz işinizin effektivliyini artırmaq üçün necə istifadə edəcəyinizlə bağlı təşviq etməkdir. Niyə bu sahədən yazıram? Çünki bu insanların şirkətində, zavodunda, şəhərində və ölkələrində qonaq oldum. İnsanlar sanki saat düzəldirmişlər kimi avadanlıqlar düzəldirlər. Hər hissəsində, hər xırda detalında göz nuru, insan əməyi və zəhməti ilə vəhdətləşmiş müasir texnologiya var. “Hexagon”un zavodunda, “Leica”da nəinki cihazların, hətta cihazların vintlərini bağlamaq üçün olan avadanlıqları da özləri düzəldirlər. Kənar yerdən asılılıqları yoxdur, pandemiya, müharibə, blokada, heç nə bu şirkətlərə bata bilmir, çünki istehsalatlarını dayandıracaq bir qüvvə yoxdur. Üstəlik, istehsal etdikləri avadanlıqlar ən azı 10 mərhələli bir testdən keçir. Bu cihazlar yüksək dərəcəli temperaturda, soyuqda, ən çətin hava və landşaft şəraitində işləyə bilməsi üçün müəyyən standartların da üzərində istehsal edilir.
Sizi bir “körpü-insanla” da tanış etmək istəyirəm. Çox güman ki, bu adamın təqdimata ehtiyacı yoxdur, amma mən yenə də Elşən Musayevi sizə tanıtmağa özümü borclu bilirəm. Sadəcə bu insanla əlaqənizin olması sizin üçün yetərlidir. 7 ildən çoxdur ki, “EKM Global Consulting” şirkəti bu insanın bir parçası kimi (ya da o özü bu şirkətin bir parçasıdır) Azərbaycan üçün böyük layihələr yaradır. İşğaldan azad olunmuş bölgələrdə, paytaxtda və digər şəhərlərimizdə keçirdiyi və keçirməyi düşündüyü layihələr insanda futuristik duyğular oyadır. Amma Elşən Musayevin digərlərindən fərqi də budur, o, duyğular və hisslərlə yox, işləri və proyektləri ilə özünü göstərir.
İndi siz də, dövlətin və xalqın əziz qulluqçuları, yaxın əyləşin, düşünün və hərəkətə keçin, çünki gələcək Azərbaycana gəlir, siz də bu gələcəyin bir parçası ola bilərsiniz. Necə? Bax, o artıq sizin düşüncə qabiliyətiniz, öz işinizə və vəzifənizə sevginiz, həvəsli və inamlı olmanızdan asılıdır.
Bizim yaponlardan nəyimiz əksikdir? Onlar öz ölkələri, şirkətləri üçün adambaşına ildə 50 təklif verirsə, niyə biz 51 təklif verməyək? Mən sizə gələcəyə gedən o cığırı göstərdim, o yoldan getmək və ya yerinizdə saymaq sizin işinizdir.