Dövlət qulluğu üzrə test imtahanı verəcək namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 10-da dövlət
qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı
vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət
qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanı
keçirilir.

DİM-dən Trend-ə bildirilib ki, imtahan bütün binalarda eyni
vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat
10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.

İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in
saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin
yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan
prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları
qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidir:

-şəxsiyyəti təsdiq edən sənədin əsli;

-“İmtahana buraxılış vərəqəsi”;

-“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in
saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və
namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə
təhvil vermək lazımdır).

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil
olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 559, BB qrupu
üzrə 1530 olmaqla, ümumilikdə 2089 namizəd qeydiyyatdan keçib.
İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan
rəhbəri, 187 nəzarətçi müəllim, 16 buraxılış rejimi əməkdaşı
ayrılıb.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində
görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska
ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə
bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan
zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi
təmin olunacaq.

Teqlər: