Dövlət proqramlarının nəticələrinin daha dəqiq hesablanması vacibdir – Soltan Məmmədov

“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında”
hesabatı düşünürəm ki, kifayət qədər peşəkar səviyyədə, mövcud
qanunvericilik aktlarına uyğun formada tərtib edilib.

Hesabatda təqdim olunan faktlar və təhlillər əsasında bu qənatə
gəlmək olar ki, Hesablama Palatası müxtəlif sahələrdə vəsaitlərin
qanunauyğun xərclənməsinə, izafi xərclərin qarşısının maksimum
dərəcədə alınmasına xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki,
Palata yalnız mövcud problemləri və riskləri qiymətləndirməklə
kifayətlənməyərək, dövlət maliyyəsinin səmərəli idarə edilməsinə
dair təklif və tövsiyələrlə də çıxış edir.

AzerTimes-ın məlumatına görə, bunu deputat Soltan Məmmədov
parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hesabatda göstərilir ki, 6 nəzarət tədbirində
ayrı-ayrı dövlət proqramları ilə Kənar Dövlət Maliyyə Nəzarəti
obyekti tərəfindən həyata keçirilməli tədbirlərin icra vəziyyəti
araşdırılıb.

“1 dövlət proqramının və 1 layihənin səmərəlilik auditi
keçirilib, dövlət proqramlarının maliyyə tutumu ilə bağlı
məlumatlar təhlil olunub. Qeyd olunub ki, 3 nəzarət tədbirində
qrantların təyinatı üzrə istifadəsi audit edilib. Hesablama
Palatasının dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin tam
icra olunmaması, dövlət proqramında gözlənilən nəticənin əldə
olunmaması, istifadəyə verilmiş güclərin real tələbata adekvat
olmaması ilə bağlı qeydləri tamamilə əsaslıdır. Mən ötən il
“2020-ci il Dövlət Büdcəsinin icrası haqqında” Qanun layihəsinin
müzakirəsi zamanı da Hesablama Palatasının rəyində əksini tapmış
tövsiyələrin nəzərə alınmasının zərurliyini qeyd etmişdim. Dövlət
proqramlarının gözlənilən nəticələri və effektivlik
göstəricilərinin mümkün qədər daha dəqiq hesablanması olduqca
vacibdir. Fikrimcə, dövlət proqramlarının hazırlanması zamanı bu
məqamın nəzərə alınması və icra prosesinə nəzarətin gücləndirilməsi
ilə bağlı çağırışlara xüsusi həssaslıqla yanaşılmalıdır. Bura
dövlət proqramlarında müəyyən edilən hədəflərin illər üzrə
göstərilməsi, onların icrasına dair hesabatlarda dövrilik
məsələsinə xüsusi diqqət yetirilməsi də daxildir”, – deyə deputat
vurğulayıb.

O qeyd edib ki, Dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu
vəziyyətinin qiymətləndirilməsi ilə bağlı hesabatda göstərilən
problemlər də hesab edirəm ki, çox mühüm məsələlərdən biridir.

“Hesabatda qeyd olunur ki, bir mənbədən satınalma metodunun
tətbiqi zamanı ehtimal olunan qiymətlərin hesablanmaması və
qiymətlərin əsaslılığı göstərilmədən yalnız icraçının təklifi
əsasında müqavilə bağlanması halları müəyyən edilib. Eyni zamanda,
bir mənbədən satınalma metodunun seçilməsinin zəruriliyinin tam
əsaslandırılmaması kimi nöqsanlar aşkarlanıb. Hesab edirəm ki, bu
sahəyə nəzarətin xüsusi olaraq gücləndirilməsinə ehtiyac var. Hətta
satınalmanın bir mənbədən həyata keçirilməsi zərurəti yarandıqda
belə, qiymətlərin düzgün müəyyən olunması mexanizmləri tətbiq
olunmalıdır. Əks halda, bu cür nöqsanların gələcəkdə də davam
etməsi qaçılmazdır.
Ümumilikdə, bir daha vurğulamaq istərdim ki, Hesablama Palatasının
təqdim etdiyi hesabat kifayət qədər dolğun, ətraflı və dəqiq
faktlar əsasında tərtib edilib. Hesablama Palatasının öz
fəaliyyətində beynəlxalq təcrübəni tətbiq etməsi, müxtəlif
beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməsi, ötənilki
fəaliyyətin nəticələri ilə cari göstəricilər arasında müqayisəli
qiymətləndirilmə aparılması, palatanın idarə olunmasının
təkmilləşdirilməsi istiqamətində görülən işlərin təqdirəlayiq
olduğunu vurğulamaq istərdim”, – deyə S.Məmmədov vurğulayıb.

Teqlər: