Xəbər - Humay Ağacanova -Trend:
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.
Dövlət İmtahan Mərkəzindən(DİM) Trend-ə verilən məlumata görə, 26 oktyabr tarixində 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.
Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 38-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 20-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
– vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
– Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
– Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 26 oktyabr tarixindən 24 noyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (31 vəzifə) tərəfindən təqdim olunub.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təhlil və strateji planlaşdırma şöbəsində şöbə müdiri müavini və Hesablama Palatasının Dövlət gəlirlərinin iqtisadi sahələrin auditi şöbəsi, Gəlirlərin auditi sektorunda baş məsləhətçi vəzifələridir.
Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 4-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 9-u beşinci təsnifatına, 3-ü altıncı təsnifatına, 42-si yeddinci təsnifatına aiddir.