“Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim”

“Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim”

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində DİN-in əməliyyat qrupunda iştirak edən əməkdaşı ifadə verib.

“Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra dərhal mənim rəhbərlik etdiyim əməliyyat qrupu yaradıldı. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı”.

Daha sonra hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.

Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər.

“Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyirdik. Sonra başqa dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim”, – müttəhim deyib.

Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində bildirib ki, Rəşad Əhmədovu 2023-cü ildə tanıyıb.

“Rəşada kərə yağı sata biləcəyimi söylədim, razılaşandan sonra hər 10-15 gündən bir 15-20 kiloqram çəkidə kərə yağı vermişdim. Bu münasibətlərlə bağlı əlaqələrimiz daha da yaxşılaşıb. Təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu dedi. Ondan həmin əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. O, da yaxşı tanıdığını söylədi. Rəşada lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini bildirdi. Nə üçün bunu soruşduğumu maraqlandıqda ona həmin vaxt heç nə demədim, – müttəhim istintaqda bildirib.

A.Səricanov, həmçinin istintaqda bildirib ki, həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun dözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib.

“Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O, özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi”, – o deyib.

Məhkəmənin növbəti iclası mayın 10-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Teqlər: