Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 20 illik yubileyi münasibətilə Qarabağdakı “N” saylı hərbi hissədə “Gücümüz birliyimizdədir” adlı möhtəşəm bayram tədbiri və konserti keçirilib.
Bu barədə AzerTimes-a Dövlət Komitəsindən məlumat verilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin milli kimlik və diaspor haqqında tarixi çıxışlarını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi haqqında fikirlərini, Avropada Qarabağla bağlı keçirilən izdihamlı mitinqləri və aksiyaları, mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayını əks etdirən video-çarxlar nümayiş etdirilib.
Yubiley sevincini Qəhrəman və Qalib Ordumuzun əsgər və zabitləri ilə paylaşmaq məqsədilə gerçəkləşdirilən tədbirdə DİDK əməkdaşları, xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrindən ibarət sənətçi qrupları və tanınmış incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, Azərbaycan diasporunun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu, Vətən müharibəsi və post-müharibə dövründə diasporun fəaliyyəti, Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərə göstərdikləri maddi və mənəvi dəstək barədə məlumat verib. Komitənin 20 illik yubileyinin azad olunmuş Qarabağda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
Bədii hissə ilə davam edən tədbirdə diaspor fəalları – xanəndə, II Muğam Televiziya Müsabiqəsinin qalibi Güllü Muradova (Almaniya), xanəndə Zahid Quliyev (Almaniya), Azərbaycanın əməkdar artisti, İstanbul Filarmoniyası Orkestrinin daimi dirijoru, bəstəkar və pianoçu, Turan Manafzadə (Türkiyə), Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanova, estrada müğənnisi, “Səs Azərbaycan” beynəlxalq televiziya müsabiqəsinin qalibi Emiliya Yaqubova (Böyük Britaniya), müğənni Nailə İmran (Qazaxıstan), kamança ifaçısı, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, diaspor fəalı İmamyar Həsənov (ABŞ), tarzən Rüfət Həsənov, yəhudi əsilli kamança ifaçısı Salman Rabayev (İsrail), eləcə də gitara ifaçısı Cavid Məmmədov, “Bu şəhərdə” teatrının aktyorları, Azərbaycan Dövlət Rəqs Ansamblının və “Ritm” rəqs qrupunun solistləri çıxış ediblər.
Konsert proqramı, o cümlədən Azərbaycan əsgərinin Turan Manafzadə ilə birlikdə “Sarı gəlin” xalq mahnısını ifa etməsi, hərbçilərimizin Komitənin yubileyi münasibətilə hazırladıqları döyüş şousu böyük maraq və alqışlarla qarşılanıb.
Əsgər və zabitlərimizin böyük maraq və məmnunluqla iştirak etdiyi yubiley tədbiri xalqımızın birliyinin və həmrəylinin rəmzi olan “Yallı” milli rəqsinin birgə ifası ilə yekunlaşıb.
Yubiley tədbirinin moderatorları Vəsilə Vahidqızı və Nurəddin Mehdixanlı olub.