Dövlət Komitəsinin əməkdaşlarına orden və medallar təqdim olunub (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş əməkdaşlar orden və medalların təqdim olunması mərasimi keçirilib.

Tədbiri açıq elan edən Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, yola salmaqda olduğumuz 2021-ci il həm Azərbaycan dövləti, həm Azərbaycan diasporu, həm də komitə üçün uğurlu il olub. İl ərzində göstərdikləri gərgin və səmərəli fəaliyyətə görə komitə əməkdaşlarına təşəkkür edən sədr xüsusən Vətən müharibəsində qazanılan şanlı Zəfərin birinci ildönümü ilə bağlı keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, əməkdaşları Səlhət Abbasova, Məhbubə Tağıyeva, Nəsibə Əsgərova və Elşanə Mehtiyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Orden və medalların Prezident İlham Əliyevin doğum günü ərəfəsində təqdim olunduğunu bildirən Fuad Muradov ölkə başçısını Dövlət Komitəsinin əməkdaşları adından təbrik edib və mükafatları sahiblərinə təqdim edib.

Təltif olunanlar adından çıxış edən Valeh Hacıyev göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, bu mükafatların əməkdaşları daha əzmlə işləməyə həvəsləndirdiyini qeyd edib.

Teqlər: