Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Avropa Parlamenti tərəfindən cari ilin mart ayının 10-da qəbul
edilmiş qətnaməyə etiraz olaraq bəyanat qəbul etmiş və həmin sənəd
Avropa Parlamentinə göndərilib.
Komitədən AzerTimes-a verilən
məlumata görə, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq
hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına
alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o
cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi,
dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi
cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılmış və qərəzli hesab
edilib.
Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı
bildirilərək, onun real vəziyyəti əks etdirmədiyini, Azərbaycan
tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi
münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks
etdirdiyi təəssüflə qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, qətnamədə Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində “erməni” abidələri heç bir fakta söykənməyən
rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini
abidələrin aqibətinə göz yumulur. Belə ki, azad edilmiş ərazilərdə
(67 məsciddən 65-i dağıdılmış, Ağdam Cümə məscidi hərbi məqsəd
naminə qismən salamat saxlanılmış, Şuşadakı Yuxarı Gövhərağa
məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi
təqdim edilmişdir) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən
azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata
keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə
tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların
dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir
edilməsi, həmçinin ölkəmizin Xristianlığa aid irsinin – Azərbaycan
Respublikasının Alban-Udi Xristian dini icmasının varisi olduğu
Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav
xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya
məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə,
Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları
barədə heç bir qeydə rast gəlmək mümkün deyil.
Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları
tərəfindən hətta qəbiristanlıqlara da aman verilmədiyinə,
ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə
dağıdılaraq yerlə bir edilməsinə, qəbir daşlarının sındırılmasına,
məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına,
qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının
30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum
edilməsinə diqqət yönəldilib.
Etiraz Bəyanatında 44 günlük Vətən müharibəsi müddətində
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki
obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum
əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə
dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha vurğulanmışdır. Hərbi
əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən
azad olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən
dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi,
həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına
əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesinin
başlandığı öz əksini tapmışdır. Habelə Azərbaycan tərəfindən bütün
ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş
ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə
məxsusluğu və onların qorunmasının Azərbaycan dövlətinin
öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə
dəfələrlə bildirildiyi qeyd edilmişdir.
Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın
abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və
dinlərə hörmət nümayiş etdirməsi , bütün dini nümunələri
milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz
göstəricisi kimi vurğulanmışdır.
Qeyd edilənlərlə yanaşı, Azərbaycanın Ermənistandan fərqli
olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik
etmədiyi və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması
haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq
konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə
əksinə, Konvensiya ilə bərabər “Mülki və Siyasi Hüquqlar haqqında
Beynəlxalq Pakt”, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il
Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi
haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma
və standartların tələblərini kobud surətdə pozduğu ifadə
edilmişdir.
Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan
Respublikasının Prezidenti, Avropa İttifaqına sədrliyi qismində
Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və
Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə videoformatda
keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana
və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi
Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin
vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilmiş,
Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə
ümumiyyətlə toxunulmaması təəssüflə qarşılanmışdır.
Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə
əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə
qınamaqla sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna
çağırmışdır.