Aprelin 4-də Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər
üzrə Beynəlxalq Komissiya arasında niyyət protokolu imzalanıb.
Trend xəbər verir ki, bununla bağlı keçirilən mətbuat
konfransında çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Komissiyanın katibi, İşçi qrupunun rəhbəri
İsmayıl Axundov protokolun Azərbaycan tərəfdən Dövlət Təhlükəsizlik
Xidmətinin rəisi Əli Nağıyev və İtkin düşmüş şəxslər üzrə
Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger tərəfindən
imzalandığını bildirib.
İsmayıl Axundov qeyd edib ki, Prezident İlham Əliyevin
tapşırığına əsasən, Vətən müharibəsindən sonra Birinci Qarabağ
müharibəsində itkin düşmüş şəxslərin axtarışı, ekshumasiyası Dövlət
Komissiyası qarşısında vəzifə kimi qoyulub. Müqaviləyə əsasən,
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyası ilə əməkdaşlığa
dair imzalanan niyyət protokoluna uyğun olaraq yaxın zamanda
praktiki işə başlanacaq.