Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üzrə test imtahanı verəcək namizədlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 15-də dövlət qulluğunda
inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan
AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

Trend DİM-ə
istinadla xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab
Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası)
ünvanında təşkil ediləcək imtahan kompüter vasitəsilə aparılacaq.
İmtahan vermək üçün 93 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli;

-İmtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər
arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə
altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək.
Sertifikat 5 il qüvvədə olur. Sertifikatı olan şəxs burada nəzərdə
tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində
daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə
iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.

Teqlər: