Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Beynəlxalq Sağlamlıq gününə həs edilmiş tibbi xeyriyyə aksiyası keçirib (FOTO)

7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial
Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət
müəssisəsində 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş
tibbi xeyriyyə aksiyası keçirilib. Cəmiyyətimizdə yaşlı insanlara
hər zaman dərin ehtiram olub, ahıllar daim qayğı və nəvazişlə əhatə
olunub. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların
problemlərinə hər zaman böyük həssaslıqla yanaşırdı. Ölkəmizdə ahıl
insanlara dövlət qayğısı ildən-ilə artır. Ahıl vətəndaşların sosial
vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir.

Mərkəzi Gömrük Hospitalının aksiyaya cəlb edilmiş
yüksəkixtisaslı həkimləri tərəfindən müəssisənin 120-yə yaxın
sakininin tibbi müayinədən keçib.Tədbirdə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini
İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisinin müavini
Rəna Qasımova, Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla
Əliyeva və Mərkəzi Gömrük Hospitalının həkimləri iştirak
ediblər.

Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqları Samir
Mustafayev, Emin Allahverdiyev, endokrinoloqu Naidə Novruzova,
oftalmoloq Aynurə Əliyeva, damar cərrahı Səbuhi Dadaşov, təcili
yardım həkimi Bəylər İmanov, nevroloqlar Arzu Məhərrəmova, Mehriban
Məmmədova, psixiatr İradə Ramazanova, uroloq Bəhruz Xalıqov,
dermatoloq Sevinc Kərimova və sonoloq Tükəzban Abdullayeva
pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi
məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki,
2020-ci ilin avqust ayında start verdiyimiz “Sağlam Ahıllar”
xeyriyyə layihəsi çərçivəsində növbəti tədbiri keçirirk. Məqsədimiz
ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən
aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir.
İ.Əfəndiyev deyib: “Bu gün burada çoxprofilli həkimlər:
kardioloqlar, terapevtlər, uroloqlar, cərrahlar, radioloqlar və
tibb bacıları yaşlı insanları müayinə edəcək, tibbi xidmət
göstərəcəklər. Burada yaşayan insanlar xəstəliklərinə uyğun olaraq
yerində müayinə olunacaqlar. Mərkəzi Gömrük Hospitalından
gətirdiyimiz dərmanlar ehtiyacı olanlara təyin ediləcək və onlar
müvafiq müalicələrini alacaqlar”.

Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova
aksiya çərçivəsində göstəriləcək tibbi xidmətlərdən danışaraq qeyd
edib ki, bu müəssisədə yaşayan ahıllar daha çox nevroloji,
kardioloji, uroloji, oftalmoloji, endokrinoloji və qan-damar
xəstəliklərindən əziyyət çəkirlər. Onlar üçün hipoqlikemik
dərmanlar, antibitiklər, ağrıkəsicilər, qan duruldan, qan artıran,
qan təzyiqini tənzimləyən və s. ərmanlar gətirilib. Lazım olan
zəruri aparatlar: arterial təzyiqi ölçən aparatlar, fonendoskopları
hədiyyə olaraq onlara paylayacağıq”.

Tədbirin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial
xidmət müəssisəsinin direktoru Samirə Mehtiyeva və pansionatın
sakinləri bu cür xeyirxah aksiyanın keçirilməsinə görə Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova
dərin minnətdarlıqlarını bildiriblər. Samirə Mehdiyeva Tibbi Xidmət
İdarəsinin bu cür aksiyalar keçirməsinin ənənə halını almasını
yüksək qiymətləndirib və qeyd edib ki, bu aksiyalar zamanı həkim
briqadalarının pansionata səfəri, yaşlı insanları müayinə etməsi,
lazımi dərmanlarla təchiz etməsi ahıllara göstərilən qayğı və
diqqətin bariz nümunəsidir.

“Sağlam Ahıllar” xeyriyyə layihəsinin həyata keçirilməsi burada
ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri və
sağlamlıqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bunun nəticəsidir ki, 2 ildən artıq davam edən COVİD-19 pandemiyası
pansionatda hiss olunmayıb. Bü gün keçirilən “Sağlam Ahıllar” tibbi
müayinə tədbiri ahıl insanlar üçün ilk növbədə, çox böyük mənəvi
dəstəkdir. Bu cür tədbirlərin hər biri ahıl insanlarda sonsuz
sevinc və fərəh hissi yaradır”, – deyə o, əlavə edib. Tədbir xatirə
fotosunun çəkilməsi ilə yekunlaşıb.

Yaşlı nəslə qayğı, diqqət həm də milli mənəviyyatımızın tərkib
hissəsidir. Bu qayğının ən gözəl təcəssümü onlara baş çəkmək,
səhhətləri ilə maraqlanmaq, sağlamlıqlarının qorunmasıdır. Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin ahıl vətəndaşların
sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi bu cür
aksiyalar bundan sonra da ənənə formasında davam
etdiriləcəkdir.

Teqlər: