Martın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev İtaliya Gömrük, Aksiz və İnhisar
Agentliyinin direktoru Marsello Minenna ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla
İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin
səviyyəsindən razılığını bildirib, bütün sahələrdə olduğu kimi,
gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu
söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər
gömrük sistemində aparılan islahatlar barədə məlumat verən Komitə
sədri qeyd edib ki, həyata keçirilən yeniliklərin və innovativ
layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi,
sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məmur-vətəndaş
təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər
əldə olunub.
Səfər Mehdiyev “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla
Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni
Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq
layihəsi çərçivəsində İtaliya gömrük xidməti ilə tərəfdaşlıqdan
məmnunluğunu ifadə edib, bu sahədə əməkdaşlığın davam
etdiriləcəyinə əmin olduğunu deyib.
İtaliya Gömrük, Aksiz və İnhisar Agentliyinin direktoru Marsello
Minenna Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə
əməkdaşlıqdan razı qaldığını bildirib, bugünədək layihə ilə bağlı
səmərəli iş aparıldığını vurğulayıb.
Marsello Minenna Azərbaycan gömrüyü ilə əməkdaşlığın təmsil
etdiyi qurum üçün xüsusi önəm daşıdığını və əlaqələrin inkişafı
üçün geniş imkanların olduğunu, eləcə də tvinninq layihəsinin
gələcək əməkdaşlığa mühüm töhfə verəcəyinə əminliyini ifadə
edib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə
İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır.
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihəni İtaliya
Gömrük, Aksiz və İnhisar Agentliyi icra edir. Tvinninq layihəsinin
məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə
əlaqəsini və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin
etməkdir.