Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov dahi
rəhbərin həyatı və ictimai-siyasi fəaliyyətindən danışaraq bildirib
ki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil
Azərbaycanın memarı və qurucusu Heydər Əliyev tarixin yetişdirdiyi
nadir şəxsiyyətlərdəndir. O bütün həyatını xalqına həsr edərək
milli irsin, mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin qorunub
saxlanılmasında, gələcək nəsillərə ötürülməsində müstəsna rol
oynayıb.
Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasətinin, yüksək
idarəçilik bacarığının sayəsində 20-ci əsrin sonuncu onilliyində
müstəqil Azərbaycan dövləti yenidən formalaşaraq güclənib, dünya
birliyinin etibarlı üzvünə çevrilib. Azərbaycana rəhbərlik etdiyi
ilk dövrdə Heydər Əliyev ölkəmizin iqtisadiyyatının qurulması və
şaxələndirilməsində, sənayenin, kənd təsərrüfatının inkişafında,
müasir tələblərə cavab verən elm ocaqlarının təşkilində, milli
kadrların yetişdirilməsi istiqamətində qətiyyətli addımlar
atıb.
İsmayıl Hüseynov onu da diqqətə çatdırıb ki, xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdan ulu öndər ölkəmizi iqtisadi və
siyasi böhrandan çıxararaq, dövlətçiliyimizi sağlam təməllər
üzərində inşa etdi. Daxili çəkişmələrə son qoyan, ordu
quruculuğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atan
Heydər Əliyevin zəngin dühası sayəsində qısa zamanda mühüm dövlət
təsisatları formalaşdı, müstəqil Azərbaycan regionun lider
dövlətinə çevrildi.
Bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili sahəsində də
dövlət siyasəti müəyyənləşdirildi, müasir gömrük xidməti
formalaşdırıldı. Gömrük orqanları və əməkdaşlarının hərtərəfli
dövlət qayğısı ilə əhatə olnmasında mühüm addımlar atan ulu öndərin
bu sahədə zəngin biliyi tezliklə gömrük orqanlarının dinamik
inkişafına, ölkənin strateji qurumlarından biri kimi formalaşmasına
və ümumdünya gömrük ailəsinin etibarlı üzvünə çevrilməsinə zəmin
yaratdı.
Vurğulanıb ki, ümummilli liderin dövlətimizə, xalqımıza ən mühüm
töhfəsi uğurlu siyasi varisi, onun ideyalarının sadiq daşıyıcısı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Ulu öndərin
müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham
Əliyev Azərbaycanı regionun ən qabaqcıl dövlətinə çevirdi. 44
günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə, ərazi
bütövlüyümüzün bərpası ata nəsihətini yerinə yetirən Müzəffər Ali
Baş Komandanın məhz Heydər Əliyev ideyalarına əsaslanan uzaqgörən
siyasətinin nəticəsidir.
Sonra Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük
xidməti general-mayoru Qulu Novruzov, Gömrük Tariflərinin
Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti
general-mayoru Mirqasım Vahabov, gömrük əməkdaşı Aytən Pirəliyeva
çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat yolundan,
dövlətimizin qurulub möhkəmlənməsi istiqamətindəki yorulmaz
fəaliyyətindən, gömrük orqanlarına göstərdiyi diqqət və qayğıdan
bəhs edib, ulu öndərin ideyalarının daim yaşadılacağını,
dövlətimizin və xalqımızın gələcəyinə işıq tutacağını
bildiriblər.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs
edən film nümyiş olunub.