Dövlət Gömrük Komitəsində Özbəkistan nümayəndə heyətilə görüş keçirilib (FOTO)

Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük
xidməti general-mayoru Akmalxuja Mavlonovun rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

İyunun 1-də Dövlət Gömrük Komitəsində Özbəkistan gömrük
xidmətinin nümayəndə heyətilə görüş keçirilib.

Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Akmalxuja Mavlonovun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Fəxri
xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları
ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iki ölkənin
siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb,
Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin
birləşdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən
quruculuq və inkişaf proseslərindən bəhs edən Səfər Mehdiyev son
illər gömrük sistemində aparılan islahatların əhəmiyyətindən də
danışıb, tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrük
orqanlarının modernləşdirildiyini bildirib.

Komitə sədri gömrük prosedurlarının sadələşdirilməsi,
sərhədkeçmə proseslərinin sürətləndirilməsi, maddi-texniki bazanın,
kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən
qurulması istiqamətində atılan addımlardan danışıb. Hazırda
bəyanetmə sisteminin tam elektronlaşdırıldığını bildirən Səfər
Mehdiyev informasiya texnologiyalarına əsaslanan “Yaşıl dəhliz”
buraxılış sistemi, “Smart Customs” və digər layihələr, risklərin
idarəolunması sistemi barədə də qonaqları məlumatlandırıb.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin
hazırkı durumuna toxunan DGK sədri Səfər Mehdiyev bildirib ki,
bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı
əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri Azərbaycan və
Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin
gücləndirilməsinin zəruriliyini də nəzərə çatdırıb, özbəkistanlı
həmkarının Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf
etdirilməsi işinə töhfə verəcəyinə ümid etdiyini deyib.

Səmimi qəbula görə Azərbaycan gömrük xidmətinin rəhbərliyinə
təşəkkür edən Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Akmalxuja Mavlonov Azərbaycana səfərindən məmnun qaldığını
söyləyib. İki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu
vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha
da genişlənəcəyinə əminliyini ifadə edib.

Akmalxuja Mavlonov bildirib ki, hazırda Özbəkistan gömrüyündə
ticarətin asanlaşdırılması, şəffaflığın təmin olunması,
informasiya-kommunikasiya texnologiyaları və müasir həllərin tətbiq
edilməsi istiqamətində əsaslı islahatlara başlanılıb. Bu məqsədlə
qonaq Azərbaycan gömrüyündə sözügedən sahədə əldə olunan
nailiyyətlərdən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb.
Məlumat verilib ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan
gömrüyünün aparıcı sahələrinin mütəxəssisləri daxildir və məqsəd
Azərbaycan təcrübəsini öyrənərək tətbiqinə nail olmaqdır.

Akmalxuja Mavlonov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrük
orqanları arasında bu gün imzalanacaq müvafiq sənəd qarşılıqlı
əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına töhfəsini
verəcək. İkitərəfli əlaqələrin, ticarət dövriyyəsinin daha da
genişlənməsi üçün böyük potensialın olduğunu deyən qonaq, buna həm
Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının
imkan verdiyini bildirib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir
mübadiləsi aparılıb. O cümlədən, gömrük sistemində
informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının
gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə
əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşün sonunda “Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi
arasında 2022-2023-cü illər üçün Qarşılıqlı Fəaliyyət Planı”
imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Səfər Mehdiyev və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Akmalxuja Mavlonov imzalayıblar.

Sonra qonaqlar gömrük xidmətinin müasirləşdirilməsi layihələri
ilə tanış olublar.
Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja
Mavlonovu “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30
illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə
təltif edib.
Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 4-dək davam
edəcək.

Teqlər: