Mayın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, qonaqları
səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyev ölkəmizdə neft sektorunun inkişafı naminə BP şirkətinin
gördüyü işlərdən məmnunluqla söhbət açıb.
Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə
gömrük orqanları arasında əlaqələrdən bəhs edən Komitə sədri bu
istiqamətdə gömrük orqanlarının öz vəzifələrini layiqincə yerinə
yetirdiyini, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin daha
operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin
həyata keçirildiyini bildirib.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi
təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin
yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini
verir”, – deyə sözünə davam edən Komitə sədri gömrük orqanlarının
bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektlərilə
səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük
prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının
ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.
Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə
məlumat verərək son illər ərzində istər fiskal sahədə, istərsə də
qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə istiqamətində əldə olunan uğurladan bəhs edib.
DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük
nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd
keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə
yeni layihələrin gerçəkləşdirildiyini, informasiya texnologiyaları
sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını
vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni
layihələrlə bağlı məlumat verib.
Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin
biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata
keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına,
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın
təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə
həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına
münbit şərait yaratdığını vurğulayıb.
Qonaqlara DGK-nın elektron informasiya sistemləri ilə bağlı
təqdimat da nümayiş etdirilib.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür
edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counz ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə
birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı
əməkdaşlığı yüksək qiymətləndirib.
Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında
gömrük orqanlarının müstəsna rolundan söhbət açan Qəri Counz gömrük
sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun
illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək
perspektivlərindən bəhs edib. Azərbaycan gömrüyünün xüsusilə
informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin
onda çox böyük və xoş təəssüratlar yaratdığını deyən Qəri Cons bu
uğurların davamlı olacağına əminliyini ifadə edib.
Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counzu və şirkətin Xəzər regionunda kommunikasiya
və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi
(1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif
edib.