Dövlət Gömrük Komitəsi quşçuluq avadanlıqları ilə bağlı iddialara aydınlıq gətirib

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Quş Əti,
Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının Dövlət
Gömrük Komitəsinin fəaliyyəti barədə həqiqətə uyğun olmayan
iddiaların yer aldığı müraciəti yayımlanıb.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə,
müraciətdə qurumun quş əti və yumurta istehsalçılarının
çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına
etdiyi müraciətlərə yalnız Dövlət Gömrük Komitəsinin cavab
vermədiyi bildirilir. Eyni zamanda, gömrük orqanlarının quş əti və
yumurta istehsalı məqsədilə idxal edilən avadanlıqlara rüsum tətbiq
etdiyi, Türkiyədən idxal edilən günlük cücələri dəyərindən daha
aşağı qiymətə rəsmiləşdirildiyi iddia olunur.

Dövlət Gömrük Komitəsi bildirir ki, müraciətdə qeyd olunan
quşçuluq avadanlıqları xarici iqtisadi fəaliyyətin mal
nomenklaturasına uyğun olaraq idxal gömrük rüsum dərəcəsi tətbiq
edilərək malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Həmçinin, idxal olunan avadanlıqlar “Azad ticarət zonasının
yaradılması haqqında” Sazişin müddəalarına uyğun olduqda və
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin
edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən sərbəst
ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı
olan dövlətin CT-1 formalı mənşə sertifikatının əsli təqdim
edildikdə idxal gömrük rüsumundan azad olunur.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 164.1.32-ci maddəsinə uyğun
olaraq quşçuluq üçün avadanlıqlara əlavə dəyər vergisindən azadolma
tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, bilavasitə kənd təsərrüfatı
təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların
və texnikaların idxalının əlavə dəyər vergisindən azad olunması
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə
uyğun olaraq tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa əsasən həmin
maddə yeni redaksiyada verilərək müvafiq siyahıya uyğun olaraq
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin siyahının
hazırlanması ilə bağlı təkiflərin Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim olunması Nazirlər Kabinetinin 15 yanvar
2022-ci il tarixli 47s nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən
İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər
aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə
razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır.

Qeyd edək ki, mövcud siyahı Nazirlər Kabineti tərəfindən təsdiq
edildikdən sonra bu məqsədlə ölkə ərazisinə idxal olunacaq kənd
təsərrüfatı təyinatlı avadanlıqlar kodlar üzrə mal mövqeyi
baxımından əlavə dəyər vergisindən azad ediləcəkdir.

Türkiyə Respublikasından idxal olunan bir günlük cücələrin
dəyərinin aşağı bəyanolunması ilə bağlı Dövlət Gömrük Komitəsinə
daxil olan müraciət əsasında DGK tərəfindən cari ilin fevral ayının
24-də Türkiyə Respublikasına sorğular göndərilib. Sorğu nəticəsində
qeyd olunan fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun şəkildə
müvafiq addımlar atılacaq.

Assosasiyanın dəyərlə bağlı iddialarına onu da əlavə edək ki,
gömrük dəyəri kimlərinsə diqtəsi və ya monopolist istəkləri ilə
deyil, müvafiq sorğuların nəticəsi əsasında formalaşdırılır.

Dövlət Gömrük Komitəsinin Azərbaycan Quş Əti, Yumurta
İstehsalçıları və İxracatçıları Assosiasiyasının müraciətlərinə
reaksiya vermədiyi barədə iddialara gəlincə isə bildiririk ki,
adıçəkilən assosiasiyadan cari ildə bir müraciət daxil olub və
Komitənin müvafiq qurumu tərəfindən ətraflı cavablandırılıb.

Onu da qeyd edək ki, biznes mühitinin daha da yaxşılaşdırılması,
gömrük işinin səmərəli təşkili məqsədilə Dövlət Gömrük Komitəsi
biznes-gömrük dialoquna xüsusi önəm verir və əməkdaşlığın daha da
gücləndirilməsi üçün mütəmadi olaraq sahibkarlarla görüşlər
keçirir, onların müraciətlərinin operativ şəkildə cavablandırılması
istiqamətində bütün zəruri addımlar atılır.

Teqlər: