Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqləndi – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

AzerTimes xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin;

– “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– üç ay müddətində:

– ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

– dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Teqlər: