Bu gün dünyanın əksər ölkələrində tətbiq olunan əlifbalar latın qrafikası üzrə tərtib olunub. Beynəlxalq əlaqələrin təmin olunmasında istifadə olunan yazı sistemi də latın qrafikasına əsaslanır. Bu baxımdan müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın öz əlifbasını bərpa etməsi respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım olub.
AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda rəsmi olaraq latın qrafikalı əlifba ilk dəfə 1923-cü ildən tətbiq olunmağa başlayıb. Lakin bundan 5-il sonra Türkiyə də bu əlifbaya keçdiyinə görə İ.Stalin Sovet İttifaqının bütün müsəlman respublikalarında, o cümlədən Azərbaycanda məcburi qaydada kiril əlifbasını tətbiq etdi və bu vəziyyət 1992-ci ilə qədər davam etdi. 1992-ci ildə yenidən latın qrafikalı Azərbaycan əlifbasına keçid olunması ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu.
Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir.
Deputat xüsusi olaraq vurğulayıb ki, ölkəmizdə Azərbaycan dilinin inkişafı və dövlət dili statusuna qədər yüksəlməsi də yalnız ötən əsrin 70-ci illərindən sonra mümkün olub:
“Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin adı ilə bağlıdır. 1960-cı illərin sonuna qədər olan dövrdə respublikamızda Azərbaycan dili hakim mövqeyə sahib deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Əksinə, bütün tədbirlər yalnız müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədini güdürdü. 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyk cəsarətlə və qətiyyətlə bildirib.”
Deputat qeyd edib ki, Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddə ilə təsdiqinə nail olmaqla Heydər Əliyev öz xalqı və gələcək müstəqil dövləti qarşısında ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu:
“1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Azərbaycan Respublikasının
Konstitusiya layihəsi də hazırlanmışdı. SSRİ rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Lakin həmin dövrdə artıq respublikamıza rəhbərlik edən Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Kreml və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, o, yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşərək Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Nəticədə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.”
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keşirilməsinin nəticələridir: “Məlum olduğu kimi, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmçinin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik üzrə araşdırmaların yaxşılaşdırılmasıdır. Ölkə Prezidentinin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”.