Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün ABŞ-ın təsnifat cəmiyyəti təlim keçirir (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin
peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar
çərçivəsində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”
(ISM Code) mövzusunda təlimə start verilib. Təlimi dünyanın ikinci
ən böyük dənizçilik təsnifat cəmiyyəti olan Amerika Dəniz Gəmiçilik
Bürosu (ABS) keçirir.

Açılış tədbirində çıxış edən Dövlət Dəniz və Liman Agentliyinin
İdarə Heyətinin sədri Arif Məmmədov qurumda ilk dəfə təşkil olunan
bu təlimə görə Amerika Dəniz Gəmiçilik Bürosuna təşəkkür edib və
belə silsilə tədbirlərin agentliyin işçi heyətinin peşəkarlıq
səviyyəsinin artırılması siyasətinin tərkib hissəsi olduğunu
vurğulayıb. Sədr bildirib ki, bu təlim ABŞ təsnifat cəmiyyəti ilə
uğurlu əməkdaşlığın bariz nümunəsidir və sonda agentlik
əməkdaşlarının təltif ediləcəyi ABS sertifikatları onların müvafiq
sahədə biliklərinə dəlalət etməklə gələcək peşəkar fəaliyyətinə
dəstək olacaq.

Amerika Dəniz Gəmiçilik Bürosunun Azərbaycan Respublikasındakı
nümayəndəliyinin rəhbəri Ryan Salamati isə təlimçiləri salamlayaraq
tədbirin təşkili üçün agentliyə təşəkkür edib və kursun gələcəkdə
qurumun işçi heyəti üçün faydalı olacağına əminliyini ifadə
edib.

Təlim zamanı iştirakçılara “Əmniyyətli İdarəetmə haqqında
Beynəlxalq Məcəllə”nin tarixçəsi, məqsədi, başlıca müddəaları və
tələbləri barədə məlumat verilib. Bununla yanaşı, daxili audit
proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq
hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların
monitorinqi mövzusunda tematik seminarlar keçirilib.

Üç gün davam edəcək təlimin sonunda Amerika Dəniz Gəmiçilik
Bürosunun nümayəndəsi daxili auditorları maraqlandıran sualları
cavablandıracaq və onlara sertifikatlar təqdim edəcək.

Teqlər: