Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Agentliyin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Xəzər dəniz akvatoriyasında fevralın 17-i axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb şimal küləyinin 28-30 m/s-dək güclənməsi və temperaturun 0°-yə enməsi gözlənilir. Dalğanın hündürlüyünün isə 5-7 metrə qədər artması proqnazlaşdırılır.
Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.