2021-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub, proqnoza 122,4 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8 faiz və ya 1 milyard manatdan çox artıb.
AzerTimes bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.
Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub, proqnoza 115,9 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9 faiz və ya 616,5 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artaraq 4 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 milyon manat olmaqla proqnoz 114,6 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3 faiz artıb.
Ödənilmiş vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.