İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 min civarında qanunsuz daşınmaz əmlak mövcuddur. Onlardan 450 mindən çoxu Bakı və ətraf ərazilərdə yerləşir. Sənədsiz qeyri-yaşayış sahəsi və obyektlərin sayı isə 50 minə yaxındır.
AzerTimes xəbər verir ki, sənədsiz ev və obyektlərin sənədləşməsi və çıxarışla təmin olunması barədə ölkə rəhbərliyinin qərarı olsa da, proses olduqca ləng gedir və yaxud bəzi yerlərdə ümumiyyətlə irəliləmir. Səbəb kimi qanunsuz ev və obyektlərin dövlət mülkiyyətində və SOCAR-a aid ərazilərdə yerləşməsi göstərilir. Ev və obyektlərin qeydə alınmaması, onlara çıxarışların verilməməsi nəticəsində isə dövlət büdcəsi yüz milyonlarla gəldən məhrum olur.
Hazırkı vəziyyəti şərh edən əmlak eksperti Ramil Osmanlı bildirib ki, daşınmaz əmlakın qeydiyyatı və onlara çıxarışların verilməsi olduqca vacibdir:
“Qanunsuz” adlandırılan qeydiyyatsız ev və obyektlərə görə dövlət bir neçə istiqamətdə itirir: Əvvəla, əgər obyekt qeydiyyatda deyilsə, həmin əmlakın icarəyə verilməsi rəsmiləşdirilə bilməz. Belə olan halda isə dövlət kirayə haqqına görə verilən vergidən məhrum olur; həmin obyekti icarəyə götürən sahibkar ödədiyi vəsaiti öz mühasibat uçotunda qeydiyyata aldıra bilmədiyi üçün onu xərc maddələrinə daxil edə bilmir. Qarşı tərəf (icarəyə verən – red.) isə icarə münasibətlərindən yaranan vergi yükünə görə dövlət büdcəsinə ödəməli olduğu vəsaiti ödəmir və bu da vergidən yayınma halıdır.
İkincisi, tutaq ki, hər hansı bir sahibkarın 1000 kvadratlıq obyekti var. Amma həmin obyekt müvafiq qanunvericiliyə uyğun inşa olunmadığı üçün onun çıxarışını ala bilməyib. Lakin sonra sahibkar həmin obyekti dövriyyəyə cəlb etmək, yaxud satmaq istəyir. Belə halda o, qeyri-leqal yollara əl atır. Nəticə etibarilə alqı-satqıdan dövlət büdcəsinə və bank sektoruna heç bir fayda gəlmir və s. Bu tip münasibətlərdən dolayı dövlət büdcəsinin çoxsaylı itkilərini saymaq mümkündür”.
Ekspertin sözlərinə görə, bu gün dövlətin əsas prioritetlərindən biri yerli özünüidarəetmə orqanlarının inkişafıdır:
“Həmçinin, bu prioritetlər arasında onların (yerli özünüidarəetmə orqanları – red.) dövlətdən asılılığının aradan qaldırılması, normal büdcəyə sahib olmaları və əhaliyə yaxşı xidmət göstərmələri üçün vergi yığımlarında müəyyən islahatların aparılması məsələləri var. Lakin həmin islahatlar aparılsa da, bu əmlaklar faktiki olaraq Mülki Məcəllənin 80-ci maddəsinin predmeti olduğundan, yəni özbaşına tikili sayıldığına görə ev sahibi əmlak vergisindən rahat şəkildə yayınır. Bu da təbii ki, qeyd etdiyimiz kimi bələdiyyələrin büdcəsinin formalaşmasında çox ciddi problemlər yaradır”.
Ekspert vurğulayıb ki, bütün bunlar həm də iqtisadi cəhətdən dövlətə çox ciddi zərər vurur:
“İlkin hesablamalara görə, il ərzində ölkədə qeyri-leqal yolla daşınmaz əmlakın dövriyyəyə cəlb olunması nəticəsində dövlət büdcəsi təqribən 100 milyon manata yaxın vəsait itirir. Bu isə kifayət qədər böyük rəqəmdir. Təqribən 40 minə yaxın qeyri-yaşayış obyektinin sənədləşdirilməsiylə bağlı iyun ayında cənab Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanın icrası çərçivəsində hazırda işlər davam etdirilir. İlkin rəqəmlərə görə, bu siyahıda 500 min civarında fərdi yaşayış evi də mövcuddur. Təqribən onların sənədləşdirilməsi üçün tələb olunan vəsaiti 300 manatdan götürsək, bu, ümumilikdə 150 milyon manatdan çox vəsait deməkdir. Yəni qeydiyyatsız evlərin sənədləşdirilməsi istiqamətində qərar qəbul olunarsa, bu, təqribən bir və ya il yarım müddətində dövlət büdcəsinə 150 milyon manat, hətta daha artıq vəsaitin cəlb olunmasına şərait yarada bilər. Təbii ki, burada hüquqi problemlər də olduqca çoxdur. Son illərdə bu istiqamətlərdə qəbul olunan qərarlar deməyə əsas verir ki, hökumət əslində yaşayış və qeyri-yaşayış sahələrinin sənədləşdirilməsində maraqlıdır”.