Dövlət Bayrağı Günü münasibətilə hərbi hissədə vətənpərvərlik tədbiri və konsert keçirilib (FOTO/VİDEO)

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N hərbi hissəsində vətənpərvərlik tədbiri və konsert keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı hərbi orkestrin müşayiəti ilə salona gətirilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət bayrağı haqqında ətraflı danışıblar. Bildirilib ki, xalqımız tarixən bayrağı uca tutmuş, ona ehtiram göstərmiş, öpərək and içmiş, bayraq gətirilən mərasimlərdə onu ayağa qalxaraq qarşılamış və bayraqlar sancılan zirvələri müqəddəs məkan bilmişdir. Nəsildən-nəslə ötürülən ənənə bu gün də yaşadılmaqdadır.
Ölkəmiz müstəqillik elan etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın yenidən dövlət rəmzi olaraq bizə qaytarılması, onun daima ucalarda olması üçün var gücü ilə çalışan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bu gün bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalanması xüsusi qeyd edilib.

Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Azərbaycan Ordusunun şəxsi heyətinin bayrağa, vətənə, dövlətə, xalqa sonsuz sədaqət nümayiş etdirdiyi, bu bayraq altında Ali Baş Komandanın hər bir əmrinə daim hazır olduğu vurğulanıb.

Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, eləcə də tanınmış incəsənət ustalarının iştirakı ilə hərbi qulluqçulara geniş konsert proqramı təqdim edilib.

Teqlər: