Dövlət başçısının Cəbrayıl və Zəngilana səfəri mühüm əhəmiyyət kəsb edir – Tamam Cəfərova

Prezident İlham Əliyev Birinci vitse-Prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə növbəti səfər edib. Cəbrayıl və Zəngilan rayonlarına olan bu səfər də bir çox önəmli məsələlərlə yadda qalıb. Cənab Prezident bir neçə layihənin təməlqoyma mərasimlərində iştirak edib. Bu səfər Azərbayacanın regionun söz sahibi olması ilə yanaşı, irimiqyaslı layihələrin icrasına başlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və ailə üzvləri Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində həyata keçirilməyə başlanmış “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Qeyd etməliyik ki, cəmiyyətimizin maraq mənbəyinə çevrilmiş bu layihə nəticəsində orada yaşayacaq insanların həyat şəraitini köklü dəyişəcək. Artıq insanların yaşayışı ən müasir standartlara cavab verməklə bərabər, bir çox elmi yenilikləri özündə əks etdirəcək. Beləki, layihənin icrasının, əsasən, 5 komponent üzrə aparılması planlaşdırılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, cənab Prezidentin hər zaman vurğuladığı kimi Qarabağın bərpasının dost ölkələrlə birlikdə həyata keçiriləcəyinin şahidi olduq. Beləki, “Ağıllı kənd” pilot layihəsinin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssislərinin iştirak etməsi və ölkə başçısının həmin şirkətlərin nümayəndələri ilə videoformatda görüş keçirməsi həmin dövlətlərlə Azərbaycan arasında dostluq münasibətlərinin bir təzahürü idi.

Eyni zamanda, T.Cəfərova vurğulayıb ki, Zəngilan rayonunda təməli qoyulan beynəlxaq hava limanı, eləcə də, Horadiz –Zəngilan avtomobil yolu regionun gələcək perspektivəri baxımından vacib əhəmiyyət daşıyır. Beləki, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır.

Əslində, bu, həm də o deməkdir ki, Azərbayacanın fəal iş apardığı və cənab Prezidentin dəfələrlə vurğuladığı Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan həyata keçiriləcək koridorun da təməli qoyulub. Bu təməl Azərbaycan xalqının Böyük Qayıdışının başlanğıcıdır. Əminliklə deyə bilərik ki, Böyük Qayıdış başlayıb. Və bu QAYIDIŞIN ilk addımları özlüyündə Azərbaycan dövlətinin gücünü və qısa zamanda nələri etməyə qadir olduğunu göstərir.

Teqlər: