Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyev hər zaman ilklərə imza atan dövlət başçısı kimi tanınır.
Fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı. Belə ki, cənab Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirakı ilə 4 saatdan çox davam edən mətbuat konfransında 4 dildə jurnalistlərin suallarını yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə cavablandırdı.
Bunu AzerTimes-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.
J.Əhmədova bildirib ki, Prezidentin bu peşəkar xüsusiyyətləri xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu: “Böyük Britaniyadan olan jurnalist də bunu çıxışında təsdiqlədi. O, bu sözləri dedi: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.
Deputatın sözlərinə görə, mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi önəm daşıyırdı: “Mətbuat konfransı zamanı möhtərəm Prezident aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Bu isə olduqca əhəmiyyətlidir”.
Deputat həmçinin qeyd edib ki, dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi: “Cənab Prezident artıq regionda yeni bir dövrün başladığını vurğuladı. Bundan əlavə, Prezident İlham Əliyev Ermənistanın bölgədə apardığı siyasəti ifşa etdi, ermənilərin tarixi Azərbaycanın abidələrini, şəhər və rayonlarını yerlə – yeksan etdiklərini bildirərək bu dövlətin faşist, varvar ruhlu olduğunu bir daha sübut etmiş oldu”.
J.Əhmədova bildirib ki, mətbuat konfransında möhtərəm Prezidentin “Faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatı da kifayət qədər dərin və ciddi məqamdır: “Prezident həmçinin Ermənistanda revanşizm fikrinə düşənlərə öz açıq mesajlarını verdi. Onları bu fikirlərdən daşınmaya çağırdı və bildirdi ki, əks təqdirdə onlar yenidən “dəmir yumruğu” üzərlərində hiss edəcəklər. Bütövlükdə hesab edirəm ki, Prezident İlham Əliyevin mətbuat konfransı miqyası və əhatəliliyi baxımından tarixi əhəmiyyət kəsb edir”.