Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında, Zəngəzur dəhlizinin təməlinin qoyulması mərasimində iştirakı tarixi bir hadisədir. Bu, nəinki ölkəmiz, regionda yerləşən bütün dövlətlər üçün çox əhəmiyyətlidir. Bu hadisə, eyni zamanda, Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür.

Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, təməlqoyma mərasiminin qardaş dövlətin başçısının iştirakı ilə, həm də tarixi qələbəmizin ildönümünü qeyd etdiyimiz günlərdə keçirilməsi xüsusi məna kəsb edir və göstərir ki, Türkiyə ilə Azərbaycan daimi olaraq bir-birinin yanındadır: “Bunu Azərbaycan Prezidenti öz çıxışında bir daha xatırlatdı və qürurla bildirdi ki, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir- birinin yanındadır. Bizim birgə addımlarımız tarixdə əbədi olacaq”.

Türkiyə Prezidentinin təməlqoyma mərasimində iştirakı, eləcə də Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin reallaşdırılması ilə tanış olması, “Qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik” söyləməsi, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən qürur duyması və “işğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil” kəlməsini dilə gətirməsi sarsılmaz qardaşlığın ifadəsidir”.

Komitə sədrinin sözlərinə görə, fərəhləndirici haldır ki, Türkiyənin iş adamları, mütəxəssisləri azad edilən ərazilərin bərpa edilməsində, quruculuq işlərində yaxından iştirak edir və çox mühüm layihələrin həyata keçirilməsində nümunə göstərirlər: “Bu da əbədi qardaşlığa bir sübutdur. Görüşlərdə “Qarabağın açarı öz əlimizdədir” ifadələrinin işlədilməsi bir daha göstərir ki, iki qardaş dövlətin rəhbərlərinin səyləri nəticəsində işğaldan azad olunmuş ərazilərimiz tezliklə gülşənə çevriləcək və həqiqətən də Qarabağ dünyanın ən cənnət guşələrindən biri kimi tanınacaqdır”.

Teqlər: