“Dostluq” Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq – Norveç konsaltinq şirkəti

Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi Xəzər dənizində kəşfiyyat üçün daha çox imkanlar yaradır.

Bunu AzerTimes-a Norveçin “Rystad Energy” tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.

O bildirib ki, bu yataq Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının yaxınlığında yerləşir və bu, Türkmənistana öz karbohidrogen ehtiyatlarını Azərbaycanın mövcud strukturları ilə nəql etməyə imkan verəcək.


Ekspert əlavə edib ki, Azərbaycanın dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var:

“Azərbaycanda da, Türkmənistanda da maye karbohidrogenlərin hasilatının azalması müşahidə olunur və bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə imkan verəcək. Bu saziş Trans-Xəzər boru kəməri üzrə yeni danışıqlar üçün də mühit yaradacaq, Türkmənistan üçün yeni qaz bazarlarına yol açacaq”.

Teqlər: